Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) mühüm layihələrindən olan "Bölgələrdə kino günləri" yeni mövsümdə də davam edir. 

AKİ-dən bildirilib ki, layihə üzrə noyabrın 3-dən 6-dək Lənkəran şəhərində film nümayişləri həyata keçiriləcək.

Dörd gün ərzində tamaşaçılar Mirsadıq Ağazadənin “Eviniz abad”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii filmləri, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı”, Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmlərinə, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi” bədii qısametrajlı filmlərinə baxa biləcəklər.

Layihənin əsas məqsədi, Azərbaycan tamaşaçılarını həm dünya kinosunun inciləri, həm də yerli və müstəqil filmlərlə tanış etmək, xarici filmlərin Azərbaycan dilində nümayişi vasitəsilə kino sənətini daha geniş auditoriyaya çatdırmaq, həmçinin müzakirə mədəniyyətini formalaşdırmaqdır.

Layihə həm də yerli kino irsinin qorunmasına və təbliğinə xidmət edir. Azərbaycan filmlərinin nümayişi yerli kinematoqrafçılar üçün əlavə stimul yaradır. Filmlər ətrafında fikir mübadiləsi kino mühitinin canlı və aktiv qalmasına töhfə verir. Layihə xüsusilə gənc nəsildə kino yaradıcılığına maraq oyadaraq, onların gələcəkdə Azərbaycan kino sənətinə töhfə verməsi üçün zəmin yaradır.