Sənət elə bir gözəllikdir ki, o, hər yerdə, hər yanda özünü büruzə verir. Əslində sənət həyatın mənası, özü deməkdir.

Müsahibim tanınmış kamança ifaçısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Pərviz Fərhadovdur. Sənətini sevən gənc, gözəl müəllim, istedadlı həmkarımız.

Onu konsertlərdə müşahidə etmişəm. Daim ölkədən kənarda olduğu səfərlərdən sevincli dönərkən həmişə ürəyi dolu olub. Bu dəfə söhbətə bir qədər uzaq keçmişdən başladıq.

– Pərviz müəllim, bilirəm ki, əsliniz Füzulidəndir. Demək ki, vətən acısını siz daha yaxşı bilirsiniz. Yəqin bütün yaradıcılığınızı bir sözlə ifadə etsək, elə onun da adı “Vətən” olardı. Pərviz müəllim, necə oldu, kamançanı seçdiniz, bu sənətə necə gəldiniz?

– Düzdür, Füzulidə anadan olmuşam, daha sonra Bakıya köçüb 45 saylı Nərimanov rayon məktəbində orta təhsil almışam. O zaman qardaşım Qara Qarayev adına Musiqi məktəbinə (indiki Mərkəzi İncəsənət Məktəbi – red.) daxil olmuşdu, tar sinfinə gedirdi, mən də həvəsə düşdüm. O zamanlar Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovu çox izləyirdim, həmişə də elə bilirdim ki, qardaşdırlar. Bu təsirlə mən də bu sənətə gəlmək, qardaşımla birgə ifa etmək istəyirdim. Qardaşımın həvəsinə əlindən tutub onunla gedirdim, hazırlığa qoşulurdum. Amma evdə deməmişdim. Axırda evə zəng edib demişdilər ki, hazırlıq ödənişini edin. Uşaq ağlımla bu tərəfini düşünməmişdim. Valideynlərim məni ilk müəllimim Sahnaz Muradovanın yanına apardılar və birinci sinfə – kamança sinfinə yazdırdılar. Mən həmişə kamançaya maraqlı idim. Bax, bu sevgi belə yarandı.

2007-ci ildə orta məktəbi bitirdim, Asəf Zeynallı adına Musiqi Kollecinə sənədlərimi verdim, lakin daxil ola bilmədim. Elnur Əhmədovun mənə dərs deməsini arzulayırdım, amma təəssüf ki, 1,6 bal çatmadı. Qismət elə gətirdi ki, Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Bəli, arzuma da çatdım – Elnur Əhmədov mənə dərs dedi. Afət Kazımova isə not ifaçılığı müəllimim olub. Artıq xoşbəxt idim. Elnur müəllim bizə bəzən qardaş, bəzən də valideyn kimi yanaşırdı. Afət müəllimə də ailənin bir üzvü kimi qayğımı çəkirdi. Mən də öz tələbələrimə qayğı göstərməyi onlardan öyrənmişəm.

– Gözəl xanəndəmiz Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və siz – bu sizə nə deyir?

– “Aypara” muğam qrupu. “Aypara” muğam qrupuna bəzən “muğam üçlüyü” də deyilirdi. Bu qrupu biz yaratdıq, birgə bir çox uğurlu konsertlərimiz və səfərlərimiz oldu. Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun “Gəncləşən muğam” layihəsi çərçivəsində bir çox səfərlərdə iştirak etdik. Azərbaycanın bölgələrində, Sumqayıtda, Gəncədə, Bakıda Heydər Əliyev Sarayında və digər yerlərdə konsert proqramları ilə çıxış etdik. 2019-cu ildə “Aypara” muğam qrupunu rəsmi şəkildə yaratdıq. Bu ad altında iki albom ərsəyə gətirdik, onlardan biri Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazılıb. 2011-ci ildə Respublika Muğam Müsabiqəsinin qalibi olduq. Azərbaycan Milli Konservatoriyasının bu yolda bizə böyük dəstəyi oldu. Həmin il Beynəlxalq Muğam Müsabiqəsində də iştirak etdik. Hərçənd nəticə əldə edə bilmədik, sonradan hazırlaşdıq və məqsədimizə çatdıq, 2015-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olduq.

“Aypara” muğam qrupu ilə xarici ölkələrdə də konsertlərimiz oldu. Ulu öndər Heydər Əliyevin 88 illiyi münasibətilə Füzuli rayonunda, Beynəlxalq Muğam Mərkəzində solo konsert verdik. Xanəndə Vüsal Zamanovla “Qarabağ canım mənim” adlı konsert proqramında birgə çıxış etdik. Muğam Televiziya Müsabiqəsinin “Qran-pri” mükafatçısı Elməddin İbrahimovla bir sıra ölkələrdə solo konsertlərimiz olub.

Sonra “Vətən” qrupunda fəaliyyətə başladım. Naxçıvanda, həmçinin Qazaxıstan, Özbəkistan, Türkmənistan, Latviya və Litva kimi ölkələrdə konsert proqramları ilə çıxış etdik, dövlət tədbirlərinə qatıldıq. “Vətən” qrupu Azərbaycan musiqisini təbliğ edən, ölkə-ölkə, oba-oba dolaşan bir musiqi karvanıdır. Ruslan Zərbəliyev – Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi və xanəndə Səfalı Mirzəliyevlə birlikdə bu üçlüyü yaratdıq və adını “Vətən” qoyduq. O gündən bəri vətənimizi təmsil edirik. Polşada beynəlxalq festivalda xarıbülbül çiçəyi və milli musiqi alətlərimizin simvolları ilə bəzədilmiş geyimlərimiz böyük maraq doğurdu. Polşa televiziyası bizə sual verdi, biz isə onlara xarıbülbül haqqında məlumat verdik və “Qarabağ Azərbaycandır” fikrini dolayı yolla çatdırdıq.

2016-cı ildə TÜRKSOY bizi rəsmi şəkildə öz ansamblının tərkibinə dəvət etdi. TÜRKSOY ansamblının üzvü olaraq Parisdə, UNESCO-nun mənzil qərargahında keçirilən təqdimatda çıxış etdik. TÜRKSOY 30 illik yubiley medalı (2023) ilə təltif olunduq. Bizim Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası ilə memorandumumuz mövcuddur. Onun bir bəndində qeyd olunur ki, “Vətən” qrupunun əsas məqsədi milli musiqimizi dünyaya tanıtmaqdır. Litvada 41 ölkə arasında keçirilən beynəlxalq festivalda iştirak etdik. Konsertdən öncə 4 kilometrlik yürüş təşkil olundu və biz də Azərbaycan bayrağı ilə bu yürüşdə iştirak etdik. Sözlə ifadəedilməz hisslər idi. Bayrağımızı qürurla daşıdım.

Atam birinci Qarabağ müharibəsi veteranıdır. Mən birinci sinifdə oxuyanda o, müharibədən qayıtmışdı. Babam Füzulidə şəhid olub. Vətən müharibəsində Füzulinin azad olunması xəbərini aldıqda atam bayrağı evin damına sancdı. Zəfər günündən iki gün əvvəl bir televiziya kanalında idim. Dedim ki, babam şəhid olub, amma atama qismət olacaq bu günü görmək...  

Həyatda çox çətinliklərdən keçmişəm. Vətəni təmsil edib musiqimizi tanıtmaqdan daha böyük hədəfim yoxdur. Azərbaycan musiqisini dünyada tanıtmaq məni yaşadır.

Bu gün Azərbaycan Milli Konservatoriyasında öz müəllimlərimlə həmkar olmaq və vətəni təbliğ etmək mənim üçün həm missiya, həm də həyat tərzidir. Çox sevinirəm ki, mənə müəllimlik etmiş sənətkarlarla bu gün eyni müəssisədə müəllim yoldaşıyam.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan muğamına böyük diqqət göstərirlər. Bizim də borcumuz musiqimizi təbliğ etmək və bayrağımızı ucalarda saxlamaqdır. Sənət yolu bəzən çətin olur, amma mən tələbələrimə həmişə deyirəm: “Əgər istedadın varsa, o, bir gün parlayacaq. Yoxdursa, özünü bu yolda yorma...”.

***

Pərviz Fərhadov vaxtilə müəllimlərindən gördüyü qayğını indi öz tələbələrinə göstərir. Onlarla dost kimidir, çünki belə görüb.

Azərbaycan Milli Konservatoriyasının konsertmeyster müəllimi Pərviz Fərhadov bu günlərdə “Vətən” qrupu ilə yeni səfərə hazırlaşır. Ölkəmizi milli musiqi sərvətimizlə tərənnüm edən, vətən eşqi və sənət sevgisi olan bu gənclərlə həmsöhbət olmaq insana ruh verir. Pərviz müəllimə uğurlar diləyirəm. Musiqi insan ruhunun sözdən öncə yaranmış ifadəsidir. Sənətə sevgi ilə bağlı qəlblər isə heç vaxt sönmür.

Aysel Fikrət