Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni tamaşa – XX əsrin əfsanəvi müğənnisi, “rok-n-rollun kralı” Elvis Preslinin (1935–1977) ölməz mahnıları əsasında “Sən kralsan” müzikli hazırlanıb.
Üç axşam – 24, 25 və 26 oktyabr tarixlərində premyerası gerçəkləşən tamaşa maraqlı süjet, möhtəşəm musiqi, rəqs-xoreoqrafiya səhnələri və məharətli aktyor oyunu ilə sənətsevərlərə yüksək zövq və uzun zaman undulmayacaq xoş təəssürat yaşadıb.
Rus dilində hazırlanan və Elvis Preslinin repertuarından ən məşhur mahnıların səsləndiyi müziklin libretto və quruluş müəllifi tanınmış rejissor və prodüser Ələkbər Tağızadədir.
Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, quruluşçu rəssamı Vüsal Rəhim, baletmeysteri Kamilə Əliyeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Polina Fyodorovadır.
Tamaşanın heyətində Əməkdar artist İlham Nəzərov və Prezident təqaüdçüsü Atilla Məmmədov (Elvin), aktyorlar Rauf Babayev (Elvis Presli), Leonid Klets və Elçin Əhədzadə (Mayor Braun), Olqa Georgieva və Prezident mükafatçısı Mehriban Zaliyeva (Rouz), Aydan Həsənova (Merilin), Sübhan Rüstəmov (Stiv), Mübariz Nağıyev (səs), həmçinin teatrın xor və balet artistləri yer alıblar.
Süjetdə iki eşq hekayəsi var: biri iyirmi il öncə iki istedadlı musiqiçi (Rouz və Braun) arasında yaşanıb. O eşqdən dünyaya gələn Elvin hələ bu hekayədən xəbərsizdir. O, Braunun sahibi olduğu barda çalışır. Ən böyük istəyi isə həm ifaçı kimi özünü sübut etmək, həm də özü qədər istedadlı olan müğənni Merilinin sevgisini qazanmaqdır. Zaman-zaman ümidsizliyə qapılsa da, “rok-n-rollun kralı” (Elvis Presli) xəyal aləmində onu ruhdan düşməyə qoymur, sənətdə də, sevgidə də uğura ruhlandırır. Buna nail olandan sonra isə sənət estafetinin rəmzi kimi mikrofonunu Elvinə verir və “indi sən kralsan” deyir.
“Rok-n-rollun kralı” ölsə də, ölməz mahnıları ilə, sənət davamçıları və sənətdəki sevgi ilə yaşayır. Müziklin əsas leytmotivi də budur...
Qeyd edək ki, premyeranın ikinci günü (25 oktyabr) baş qəhrəmanı Atilla Məmmədov oynayırdı. Onun məharətli oyunu ilə yanaşı, “rok-n-rollun kralı”na (gənc Elvis Presli) zahiri bənzərliyi də diqqətdən qaçmadı. Həmin axşam səhnədə olan digər oyunçuların, o cümlədən Elçin Əhədzadə və Mehriban Zaliyeva cütlüyünün oyunu da təqdirə layiq idi. Rauf Babayev isə sanki yarım əsr öncədən, Amerikanın “rok-n-roll” səhnəsindən Bakıya, Musiqili Teatrın səhnəsinə gəlmiş Elvis Preslinin özü idi...
Tamaşanın tərif deyiləcək cəhətlərindən biri kimi balet artistlərinin oyununu, yüksək temporitli rəqslərin alqış doğurmasını da qeyd etmək gərəkdir. Və təbii ki, orkestrin möhtəşəm ifası...
Bir sözlə, “Sən kralsan” müzikli ilə Akademik Musiqili Teatrın repertuarına baxımlı bir səhnə əsəri əlavə olunub və rok-n-roll axşamlarının bundan sonra da alqışlar altında davam edəcəyini gözləməyə dəyər...
Vüqar Orxan



























