Tarixdəki olaylar

 

26 oktyabr 1917 – Bakıda Müsavat Partiyasının I qurultayı (26-31 oktyabr) başlanıb. Qurultayda Azərbaycanın müstəqilliyi uğrunda mübarizə partiyanın əsas məramı elan edilib. Məhəmməd Əmin Rəsulzadə partiyanın sədri seçilib. “Müsavat”ın əsası 1911-ci ildə qoyulmuş və Rəsulzadə hələ Türkiyədə mühacirətdə ikən partiyanın lideri seçilmiş, 1913-cü ildə Bakıya qayıtdıqdan sonra partiyaya bilavasitə rəhbərlik etmişdi.

 

26 oktyabr 1982 – Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə böyük ədib Hüseyn Cavidin (1882–1941) nəşinin qalıqları Sibirdən – Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

26 oktyabr 1819 – Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt; 1819 – 15.8.1887) anadan olub.

 

26 oktyabr 1842 – Rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşagin (1842 – 13.4.1904) anadan olub. Məşhur əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.

 

26 oktyabr 1925 – Tanınmış rəssam Əşrəf Murad oğlu Murad (1925 – 11.3.1979) Bakıda anadan olub. Avanqard və nonkomformist cərəyanların nümayəndəsi kimi tanınıb, portret və natürmort janrlarında əsərlər çəkib.

 

26 oktyabr 1983 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (9.5.1928 – 1983) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

 

26 oktyabr 2000 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (21.10.1932 – 2000) vəfat edib.

 

26 oktyabr 2013 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (2.7.1953 – 2013) vəfat edib. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

 

26 oktyabr 2014 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (5.12.1927 – 2014) vəfat edib. “Azərbaycanfilm”in direktoru olub. Rus dilindən ədəbi tərcümələr edib.

 

26 oktyabr 2017 – Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov (4.8.1946 – 2017) vəfat edib. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından biri olub.

 

26 oktyabr 2024 – Xalq artisti, opera müğənnisi Şahlar Həsənağa oğlu Quliyev (25.9.1946 – 2024) vəfat edib. 30 ildən artıq Akademik Opera və Balet Teatrının solisti olub.

 

26 oktyabr 2024 – Xalq artisti, bəstəkar, dirijor Yaşar Əbdülxalıq oğlu İmanov (21.3.1933 – 2024) vəfat edib. 60-80-ci illərdə Gürcüstanda (Suxumi) fəaliyyət göstərib, Abxaziya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri olub.

Hazırladı: Vüqar Orxan