Nizami Kino Mərkəzində “Zəfər rəqsi” qısametrajlı bədii filminin qala-premyerası keçirilib.
Vətən müharibəsindəki tarixi Zəfərin 5 illiyi münasibətilə təqdim olunan film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü, “Balakhani Operating Company” hasilat şirkətinin və YAŞAT Fondunun dəstəyi ilə ASAN TV tərəfindən istehsal olunub.
Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
IX “Muğam” televiziya müsabiqəsinin qalibi Aytac Bəybalayeva və finalçılardan biri Kənan Novruzov musiqi nömrələri ilə çıxış ediblər. Zəfərimizlə bağlı videoçarxlar da təqdim olunub.
Ekran əsərinin quruluşçu rejissoru və ssenari müəllifi Gəray Həsəndir. Film Mir Cəlal adına hekayə müsabiqəsinin mükafatçısı, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. Əsas rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğludur.
Azər Aydəmir yaradıcılığında ilk dəfə qazi obrazını canlandırdığını və bu filmin yaddaşında xüsusi layihə kimi qalacağını söyləyib. O, kino sahəsində çalışanların qələbəmizə bədii, audiovizual formada töhfə verdiyini qeyd edərək deyib: “Filmin qəhrəmanı müharibədən sonra sadəcə rəqs etmək arzusu olan şəxsdir. Amma təəssüf ki, qazimiz döyüşdə aldığı yaralar səbəbindən ayaqları ilə bağlı ciddi zədələr alıb və bu arzusunun gerçəkləşməsi mümkünsüz görünür. Filmin sonunda o, bu arzunu gerçəkləşdirir. Arzum budur ki, tamaşaçılar filmi sevsin, paylaşsın, daha çox insanın izləməsinə səbəb olsun”.
“Balakhani Operating Company” hasilat şirkətinin rəhbəri Rövşən Rzayev deyib: “Balaxanı neftin beşiyi olmaqla yanaşı, kino tariximizin də başlandığı məkandır. Burada çəkilmiş qısametrajlı filmlər milli kino irsimizin bünövrəsini qoyub. Biz bu mədəni irsi davam etdirməkdən qürur duyuruq”.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, gənclər siyasətinin, mədəniyyət və təhsil sahəsində aparılan məqsədyönlü işlərin nəticəsində bu gün gənc nəsil Zəfərin mənəvi dəyərini dərindən anlayır. “Qürurverici haldır ki, bu illər ərzində gənclərimiz Vətən müharibəsinin qəhrəmanlıq ruhunu unutmur və bu mövzunu yaşatmaq üçün müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və təhsil istiqamətində fəal şəkildə çalışırlar. “Zəfər rəqsi” filmi də bu dəyərli təşəbbüslərdən biridir”.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyeva filmin Azərbaycan xalqının qəhrəmanlığına, Vətən müharibəsindəki şücaətinə ithaf olunduğunu qeyd edib.
Daha sonra ekran əsəri nümayiş olunub.
Qeyd edək ki, “Zəfər rəqsi” filmi 8 Noyabr – Zəfər Günündə İctimai Televiziyada da təqdim olunacaq.






















