Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Milli kimlik və tarix” adlı tədbir keçirilib.

Muzeydən verilən məlumata görə, tədbirin məqsədi Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli kimliyimizi formalaşdıran dəyərləri və müharibə iştirakçılarının şücaətini gənc nəslə aşılamaq olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin jest dilində ifası ilə başlanıb. Himni Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin gəncləri səsləndiriblər.

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, Vətən müharibəsinin Azərbaycan tarixində şanlı bir səhifə olduğunu, bu günün gəncliyinin qəhrəmanlıq ənənəsini davam etdirməsinin vacibliyini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İdarə heyəti sədrinin müşaviri, Vətən müharibəsinin iştirakçısı Vüsal Hətəmov Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdən söz açıb, şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılmasının mənəvi borc olduğunu vurğulayıb.

Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini – baş mühafiz Məhfuzə Zeynalova çıxış edərək, Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi ilə bağlı eksponatların qorunması istiqamətində görülən işlərdən, şəhidlərin şəxsi əşyalarının gələcək nəsillərə çatdırılmasının tarixi əhəmiyyətindən danışıb.

Şəhid Sənan Abdullayevin atası Şahin Abdullayev övladının və bütün şəhidlərin qəhrəmanlığından qürurla danışıb, bu cür tədbirlərin şəhid ailələrinə mənəvi dayaq olduğunu və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verdiyini bildirib.

Tədbir çərçivəsində muzeydə şəhidlərin şəxsi əşyaları – döyüş geyimləri, sənədləri, fotoşəkilləri və digər şəxsi yadigarlarının nümayiş etdirildiyi sərgi qurulub. Həmçinin əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub. Hər iki sərgi ziyarətçilərə böyük emosional təsir bağışlayıb.

Tədbir Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzinin “Parla” inklüziv-mədəni kollektivinin ifaları ilə davam edib. “Qarabağ, can Qarabağ!”, “Vətən ordusu”, “Şuşanın dağları”, “Sən qalibsən, Azərbaycan!” kimi vətənpərvərlik ruhlu mahnılar və şeirlər səsləndirilib. “Sarı gəlin” rəqsi və “Bayatı-Şiraz” muğamı proqramı daha da mənalandırıb.

Şəhid ailələri, müharibə iştirakçıları və Sosial Xidmət Mərkəzlərinin üzvləri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.