Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənovun 85 illik yubileyi qeyd edilib.
Yubiley münasibətilə teatrda Həsən Həsənovun əsəri əsasında səhnələşdirilən və uzun illər repertuarda yer alan “Qürbətdən gələn məktublar” tamaşası nümayişi olunub.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər iştirak ediblər.
Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Həsən Həsənovun dövlətçilik, elm və mədəniyyət sahəsində xidmətlərini vurğulayıb.
Sonra yubilyarın müəllifi olduğu “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Səhnə əsərində Xalq artistləri Əli Nur (Mirzə Fətəli Axundzadə), Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov (Rəşid), Vəfa Rzayeva, aktyorlar Rüstəm Rüstəmov və Elçin Əfəndi çıxış ediblər.
Qeyd edək ki, əsər ilk dəfə 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Tamaşada Mirzə Fətəli obrazını mərhum Xalq artisti Əliabbas Qədirov canlandırıb. Daha sonra Mərahim Fərzəlibəyovun quruluş verdiyi səhnə əsərində Mirzə Fətəli rolunu mərhum Xalq artisti Ramiz Məlik oynayıb.


























