Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Şarl Perronun “Küllücə” nağılı əsasında hazırlanan “Büllur başmaq” tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Teatrdan bildirilib ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Asya Atakişiyeva, Xalidə Əlməmmədova, Rəşad Səfərov, Hökümə Rəhimzadə, Xəyalə Qasımova, Ümman Budaqov, Ədalət Əbdülsəməd, Ramiq Nəsirov, Yusif Dadaşov, Natiq Fərzəliyev tamaşada rol alıblar.

Nağılda ögey ana və qızlarının əzab-əziyyəti ilə rastlaşan qızcığazın yaşadığı çətinliklərdən, onun pisliklərə qarşı mətanətlə dözməyə çalışmasından bəhs olunur. Küllücə kralın oğlu tərəfindən təşkil olunan ziyafət gecəsinə qatılmaq istəsə də, ögey ana və bacılar icazə vermir. Lakin sehrbaz qadının köməkliyi ilə Küllücə bu ziyafətə gedir, orada kralın yaraşıqlı oğlu ilə rastlaşır. Ziyafətdə şəhzadə Küllücəyə aşıq olur və itmiş başmağının tayını axtarmaqda ona kömək edir.