Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstanın Şota Rustaveli adına Milli Dram Teatrı ilə əməkdaşlıq memorandumu çərçivəsində Tbilisiyə qastrola gedib.
Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə gerçəkləşən səfər çərçivəsində yaradıcı heyət yazıçı Cavid Zeynallının əsəri əsasında hazırlanmış “Şükriyyə” tamaşasını Şota Rustaveli adına teatrda tamaşaçılara təqdim edib.
Gürcü dilində subtitrlərlə göstərilən tamaşanı ölkəmizin Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstan mədəniyyət nazirinin müavini Giorgi Mirtsxulava, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Gürcüstanın Robert Sturua, Davit Uplisaşvili kimi tanınmış teatr xadimləri, yerli sənətsevərlər, azərbaycanlı icmasının üzvləri izləyiblər.
Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatından bəhs edən səhnə əsəri maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Rolları Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (nəzarətçilər) oynayırlar.
Nümayiş çərçivəsində teatrın foyesində Azərbaycan teatrının tarixini əks etdirən fotolar da sərgilənib.