Tarixdəki olaylar
14 oktyabr 1924 – SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Mərkəzi Asiyada milli-ərazi bölgüsü ilə bağlı müvafiq qərarından sonra RSFSR tərkibində Qara-Qırğız Muxtar Vilayəti yaradılıb. Muxtar vilayət 2 il sonra muxtar respublikaya, 1936-cı ildə isə Qırğızıstan SSR-ə çevrildi. Eyni gündə Özbəkistan SSR tərkibində Tacikistan MSSR yaradılıb. 1929-cu ildə muxtar respublika Tacikistan SSR-ə çevrildi.
14 oktyabr 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 874 saylı qətnamə qəbul edib. Sənəd oktyabrın 8-də Moskvada keçirilmiş yüksək səviyyəli Azərbaycan-Ermənistan danışıqlarının nəticəsi olaraq qəbul edilmişdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin ali qurumunun sayca üçüncü qətnaməsi idi. Sənəd ümumi xarakterli idi və tərəfləri münaqişənin dinc yolla həllinə çağırmaqla kifayətlənirdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 oktyabr 1864 – Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski; 1864 – 20.11.1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” və s. romanların müəllifidir.
14 oktyabr 1875 – Maarif xadimi, naşir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875 – 28.1.1941) Bakıda doğulub. 1906–1908-ci illərdə “Dəbistan” adlı ilk milli pedaqoji jurnalın naşiri və mühərriri olub.
14 oktyabr 1912 – Heykəltaraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912 – 21.4.2006) Dərbənd şəhərində anadan olub. Şuşada M.P.Vaqifin abidəsi, X.Natəvanın büstü və s. əsərlərin müəllifidir.
14 oktyabr 1916 – Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (1916 – 24.5.1985) anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə çəkilib.
14 oktyabr 1933 – Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 – 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
Hazırladı: Vüqar Orxan