Tarixdəki olaylar

 

13 oktyabr 1880 – Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci ildə (7 oktyabr) imzaladığı sərəncamla 13 oktyabr Azərbaycanda “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.

 

13 oktyabr 1921 – Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası – Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəddə 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirilib, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşib. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi də təsbit edilib.

 

13 oktyabr 1923 – Ankara Türkiyənin yeni paytaxtı olub. 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin toplandığı və Qurtuluş mücadiləsinin idarə olunduğu şəhər yeni Türkiyənin faktiki mərkəzi idi. Cümhuriyyətin elanı (29 oktyabr) ərəfəsində Mustafa Kamal Atatürkün təşəbbüsü ilə paytaxt İstanbuldan Ankaraya köçürüldü.

 

13 oktyabr 1999 – Prezident Heydər Əliyevin iştirakı ilə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin açılış mərasimi keçirilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 oktyabr 1918 – Əməkdar incəsənət xadimi, rəssam Lətif Əbdülbaği oğlu Feyzullayev (1918 – 25.3.1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.

 

13 oktyabr 1933 – SSRİ Xalq artisti, tanınmış teatr və kino rejissoru, Dövlət mükafatları laureatı Mark Zaxarov (1933 – 28.9.2019) anadan olub.

 

13 oktyabr 1938 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.),  televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

13 oktyabr 1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 – 24.8.2017) Bakıda anadan olub. “Birsaatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.

 

13 oktyabr 1940 – Əməkdar incəsənət xadimi, kinoşünas İmran Musa oğlu Xəlilov (1940 – 18.7.2000) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

 

13 oktyabr 1943 – Əməkdar mədəniyyət işçisi, yazıçı-jurnalist Vaqif Ənvər oğlu Əlixanlı (1943 – 15.10.2024) anadan olub.

 

13 oktyabr 1967 – Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897–1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.

 

13 oktyabr 1974 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Əsərləri müxtəlif xarici muzeylərin eksponatları sırasındadır.

 

13 oktyabr 2024 – Yazıçı-jurnalist, ssenarist Yaqub Əlioğlu (Məmmədov; 26.8.1956 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan