Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası oktyabrın 14-də Tbilisidə, Şota Rustaveli adına Gürcüstan Milli Teatrında nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, nümayiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında, iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə reallaşacaq.
Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşada Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış edirlər.
Səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatı haqqındadır. Şükriyyə xanım Stalin rejiminin repressiyası nəticəsində Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgün cəzası çəkib. Tamaşanın əsas hadisəsinə paralel olan süjet xətlərində Şükriyyə Axundzadə ilə bərabər digər ölkələrdən, o cümlədən Gürcüstandan sürgün olunan qadınların taleyinə işıq salınır, insanın mənəvi təmizliyi, çətin sınaqlar qarşısında ləyaqət hissini qoruması tamaşaçılara təqdim olunur.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında əməkdaşlığa dair anlaşma memorandumu 2025-ci il fevralın 22-də Tbilisidə mzalanıb. İki teatrın direktorları İlham Əsgərov və Giorgi Tevzadze tərəfindən imzalanan sənəddə teatrlar arasında qarşılıqlı ustad dərsləri, rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlif mədəni tədbirlərin təşkili nəzərdə tutulub.
Memorandumun icrası ilə bağlı ilk tədbir Gürcüstan Milli Teatrının bədii rəhbəri, məşhur rejissor Robert Sturuanın martın ayında Akademik Milli Dram Teatrında keçdiyi ustad dərsi olub.