Oktyabrın 3-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə klassik Azərbaycan ədəbiyyatı əlyazmalarının sərgisi təqdim edilib.

Milli Kitabxanada keçirilən tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxış edərək bildirib ki, Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlər dünya kitabxanalarında və muzeylərində qorunub saxlanılır. Direktor sərgidə Nizami, Nəsimi, Füzuli və digər klassik Azərbaycan şəxsiyyətlərinin qiymətli əlyazmalarının nüsxələrinin nümayiş olunduğunu vurğulayıb.

O qeyd edib ki, layihə çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən Azərbaycana gətirilmiş klassik əlyazmaların elektron nüsxələrindən ibarət “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazası da yaradılıb.