Sentyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış tarzən, Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Zamiq Əliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir tarzənin yaradıcılığı haqqında videomaterialın nümayişi ilə başlanıb.
Millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə BMM-nin direktoru Əməkdar artist Sahib Paşazadə yubilyarı təbrik edib. Bildirib ki, Zamiq Əliyev ömrünün 55 ilini tar ifaçılığına həsr edib, həmçinin 30 ilə yaxındır bir pedaqoq kimi sənəti gənclərə öyrədir.
Gecədə ADMİU-nin rektoru Ceyran Mahmudova, AMK-nın rektoru Kamilə Dadaşzadə, Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Dilarə Əliyeva və digər çıxış edənlər yubilyara təbriklərini çatdırıblar.
Çıxışlarda Zamiq Əliyevin mənalı ömür yolundan, istedadlı tarzən kimi Azərbaycan musiqisinin, xüsusilə milli muğamlarımızın beynəlxalq aləmdə təbliği istiqamətində yorulmaz fəaliyyətindən, pedaqoq kimi yeni ifaçılar nəslinin yetişməsi sahəsində xidmətlərindən söhbət açılıb, sənətkara yeni yaradıcılıq uğurları arzulanıb.
Yubilyar gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir tanınmış sənətçilərin ifasında konsert proqramı ilə davam edib.