Azərbaycan professional musiqi məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə Almaniyanın Bremen şəhərində musiqi proqramı təqdim olunub.
Azərbaycanın Almaniyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin (Berlin) təşkilatçılığı ilə keçirilən tədbir Bremenin tarixi-memarlıq abidələrindən olan "Liebfrauenkirche"nin (Müqəddəs Məryəm Kilsəsi) zalında baş tutub.
Konsertdə azərbaycanlı musiqiçi Tural İsmayılovun rəhbərlik etdiyi “Anima Şirvani” ansamblı və bremenli ifaçılar səhnəni bölüşərək Şərq və Qərb musiqi ənənələrinin möhtəşəm sintezini təqdim ediblər.
Proqramda Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, dünya musiqisinin nəhəngi Yohann Sebastian Baxın kompozisiyaları da səsləndirilib. Musiqinin sehrli dili vasitəsilə mədəniyyətlərarası dialoq qurulub, dinləyicilərə bənzərsiz musiqili anlar bəxş edilib. Səsləndirilən əsərlər Şərqin zəngin melodiyalarını Avropa klassik musiqisinin dərin ahəngləri ilə birləşdirərək tamaşaçılara yüksək estetik zövq yaşadıb.






















