Sentyabrın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Ər və arvad” musiqili komediyası oynanılıb.
Teatrdan bildirilib ki, tamaşanın sonunda Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədr müavini Xalq artisti İlham Namiq Kamal teatrın balet artistləri Roman Krasnov və Anna Cabbarovanı 20 illik səmərəli fəaliyyətləri münasibətilə təbrik edib. Onlara ATXİ-nin, eləcə də Akademik Musiqili Teatrın fəxri fərmanları təqdim edib.
Səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.
Üzeyir Hacıbəylinin “Ər və arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub. Bu, müsəlman Şərqində ilk operettadır. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Xalq artisti, bəstəkar Sərdar Fərəcova məxsusdur. Yeni quruluşda premyera 16 oktyabr 2010-cu ildə oynanılıb.
Akademik Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan bu tamaşanın quruluşçu rejissoru mərhum Yusif Əkbərov, səhnə tərtibatçısı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeysteri Vaqif Məstanovdur.