Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 26-da Bakıda dahi bəstəkarın 140 illik yubileyi münasibətilə “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” mövzusunda beynəlxalq forum keçirilib.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Gülüstan” Sarayında baş tutan tədbirdə dövlət rəsmiləri, deputatlar, müxtəlif ölkələrdən tanınmış musiqişünas, sənətşünas və mədəniyyət xadimləri iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə Üzeyir Hacıbəyliyə həsr edilən sərgi ilə tanış olublar.

Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov hər il Azərbaycanda qeyd olunan Milli Musiqi Gününün (18 sentyabr) əhəmiyyətindən danışıb. Bildirib ki, bu günün qeyd olunması Azərbaycan dövləti tərəfindən musiqi mədəniyyətimizə, xüsusən də Üzeyir Hacıbəyli yaradıcılığına verilən yüksək dəyərin bariz nümunəsidir. 

Prezident İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində Üzeyir Hacıbəylinin 140 illik yubileyi haqqında Sərəncam imzalandığını xatırladan nazir müavini deyib ki, bu münasibətlə ölkəmizdə və xaricdə müxtəlif səpkili tədbirlər təşkil olunur. O, builki Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalını böyük bəstəkarın 140 illiyinə qiymətli töhfə kimi səciyyələndirib.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, ICESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhakim əl-Sənan, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış ediblər.

Çıxışlarda Üzeyir Hacıbəylinin zəngin yaradıcılığının təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasında musiqi mədəniyyətinin inkişafında mühüm yer tutduğu vurğulanıb. Qeyd olunub ki, Üzeyir Hacıbəyli yaradıcılığı Şərqlə Qərbin musiqi mədəniyyətinin ortaq simvoluna çevrilib. Dahi bəstəkarın fəaliyyəti türk xalqlarının ortaq dəyərlərini gücləndirib, onları dünya irsinin bir hissəsinə çevirib. Bildirilib ki, görkəmli bəstəkarın əsərləri Türk dünyasının mənəvi-mədəni birliyinə xidmət edir.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

***

Daha sonra forum panellərlə davam edib.

“Üzeyir Hacıbəyli yaradıcılığında Şərq və Qərb sintezi” mövzusuna həsr olunan ilk paneldə (moderator sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova) AMEA-nın Folklor İnstitutunun direktoru Hikmət Quliyev, musiqişünas, Əməkdar incəsənət xadimi,  professor Zümrüd Dadaşzadə, Beynəlxaq Ənənəvi Musiqi və Rəqs Şurasının sədri Abdullah Akat və tanınmış bəstəkar, musiqişünas Elmir Mirzəyev çıxış ediblər.

Üzeyir Hacıbəylinin öz yaradıcılığında böyük ustalıqla Şərq və Qərb musiqi ənənələrinin vəhdətinə nail olmasının əhəmiyyəti qeyd edilib, həmçinin bəstəkarın elmi və yaradıcılıq fəaliyyətindən bəhs olunub. Diqqətə çatdırılıb ki, sənətkarın zəngin yaradıcılığı Azərbaycan xalq musiqisinin, xüsusilə də aşıq sənəti və muğamın dərin qatlarından qidalanır. O, folklor motivlərini klassik musiqi prinsipləri ilə uğurla sintez edərək yeni musiqi məktəbi formalaşdırıb. Üzeyir bəyin əsərlərində xalq ruhu, etno-musiqi elementləri və milli kimlik motivləri olduqca güclüdür.

Spikerlər dahi bəstəkarın zəngin irsinin müasir musiqi mühitinə təsiri və onun dünya musiqi tarixində tutduğu mövqeyi müxtəlif elmi və nəzəri yanaşmalarla izah ediblər. Bildirilib ki, Üzeyir Hacıbəylinin musiqi dili milli dəyərləri qlobal estetik prinsiplərlə birləşdirmək gücünə malikdir və bu səbəbdən onun irsi bu gün də aktuallığını qoruyub saxlayır.

Natiqlər Üzeyir Hacıbəylinin təkcə bəstəkar deyil, həm də maarifçi, musiqi nəzəriyyəçisi və ictimai xadim kimi fəaliyyətinə toxunublar.

***

Mədəniyyət nazirinin müşaviri Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən ikinci panel “Üzeyir Hacıbəylinin dünya musiqi mədəniyyətində mövqeyi” mövzusuna həsr olunub. Bu paneldə əsasən xarici ölkələrdən dəvət olunmuş alim və incəsənət xadimləri çıxış ediblər.

Qırğızıstanın Xalq artisti, professor Karagul Tilençiyev, özbəkistanlı sənətşünas, professor Şoyista Ganikhanova, Azərbaycanın Əməkdar incəsənət xadimi, musiqişünas Sənubər Bağırova, Tunis Ali Musiqi İnstitutunun direktoru, musiqişünaslıq üzrə professor, Parisin Sorbonna Universitetinin fəlsəfə doktoru Fakher Hakima və Aveiro Universiteti Kommunikasiya və incəsənət fakültəsinin dosenti, “Santa Cecilia” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, pianoçu Alvaro Teixeira Lopes (Portuqaliya) Üzeyir Hacıbəyli yaradıcılığına müxtəlif baxış bucağından nəzər salıblar.

Çıxışlarda qeyd olunub ki, Üzeyir Hacıbəylinin musiqi irsi milli olduğu qədər də bəşəridir. Onun yaradıcılığı həm Şərq, həm də Qərb musiqi ənənələrinin sintezinə əsaslandığı üçün müxtəlif ölkələrdə araşdırma obyektinə çevrilib.