Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq simpozium işə başlayıb.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan tədbir Mədəniyyət Nazirliyi, AMEA, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilir.

Simpoziumu giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Aşıq Ələsgər və Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətinin bir-birini tamamlayan iki görkəmli şəxsiyyətidir. Milli musiqimizin korifeyi Üzeyir Hacıbəylinin, milli yaddaşın və mənəvi kodların keşiyində duran aşıq Ələsgərin yaradıcılığı Azərbaycan dəyərlərinin "qızıl fond"unu təşkil edir, mühüm mədəni mərhələləri təmsil edir.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında bugünkü tədbirin əsl mədəniyyət bayramı olduğunu qeyd edib. O, musiqi, folklor və ədəbiyyatda ortaq mədəni kodların araşdırılaraq gələcək nəsillərə çatdırılmasının zəngin qeyri-maddi irsimizin qorunub saxlanması istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum türk xalqlarının mədəni irsinin öyrənilməsi, tədqiqi və təbliğinə üstünlük verir. O, simpoziumdakı müzakirələrin gələcək tədqiqatlar üçün mühüm mənbə rolunu oynayacağını və ümumi elmi bazanın formalaşmasına töhfə verəcəyini bildirib.

Plenar iclasında Türk dünyasının tanınmış alim və ekspertləri – Qırğızıstan MEA-nın Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə, Egey Universitetinin professoru Metin Ekici (Türkiyə), Ankara Musiqi və İncəsənət Universitetinin rektoru professor Erhan Özden, Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Ədəbiyyat Muzeyinin direktoru professor Cabbor Eşonkulov, Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru akademik Kenjexan Matıjanov və başqaları iştirak edirlər.

Sessiyalarda türk xalqlarının ortaq musiqi yaddaşı, aşıq sənəti ənənəsi, klassik ədəbiyyatın təsiri, xüsusən də Üzeyir Hacıbəylinin milli mədəni kodların yaradılmasında rolu müzakirə olunub.

Sentyabrın 26-da işini davam etdirən simpoziumun keçirilməsində məqsəd böyük bəstəkarın və aşıq sənətinin irslərini ortaq türk mədəniyyət kodları prizmasından araşdırmaq və onların milli-mənəvi kimliyin formalaşmasında rolunu izləməkdir.