
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) kamera musiqisi konserti keçirilib. Konsertdə müasir Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
ABİ-dən verilən məlumata görə, konsertdən əvvəl ittifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, builki proqramda Bəstəkarlar İttifaqı tərəfindən keçirilən bir neçə tədbir – elmi konfrans, müasir Azərbaycan bəstəkarlarının yeni kamera əsərlərindən ibarət konsert və kitab təqdimatı yer alıb.
ABİ-nin baş məsləhətçisi Sevda Hüseynovanın aparıcılığı ilə keçən konsert Üzeyir Hacıbəylinin “Sənsiz” qəzəl-romansının səslənməsi (Ü.Hacıbəyli adına BMA-nın I kurs tələbəsi Nərgiz Şahbazova – vokal, konsertmeyster Ərtoğrul Balayev) ilə başlanıb.
Proqramda Elvin Quliyevin fortepiano üçün “Noktürn” (ifa: beynəlxalq müsabiqə laureatı Zərrin Şükür), Zərrin Şükürün “Kiçik süita” (ifa edir müəllif), Rəna Qədimovanın 2 faqot üçün “Üç baqatel” (ifa: Əməkdar artist İlqar Hacıyev, İsmayıl İsmayılov), Vəfa Bağırzadənin fortepiano üçün 2 prelüd (ifa: Leyla Əliyeva), Sevinc Əliyeva-Qəmbərovanın fortepiano üçün 2 prelüd (Leyla Əliyeva), sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş “Son uçuş” (söz: Mahir Cavadlı; ifa: beynəlxalq müsabiqə laureatı Aynur İsgəndərli – vokal; konsertmeyster: Əməkdar artist Eldar Məmmədov) təqdim olunub.
Daha sona Sevda Məmmədlinin violin və fortepiano üçün “Memories” (Əməkdar artist Ceyla Seyidova – violin, müəllif – piano), Rüfət Xəlilovun fortepiano və audio səs yazısı üçün “Məsafələr” (ifa: müəllif), Aysel Kərimin “Qəhrəmanın heykəli” romansı (ifa: Fəxri Kazım Nicat; konsertmeyster: Aynur Xəlilova), Azər Dadaşovun Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş 2 fortepiano üçün “Üzeyiri” (BMA-nın I kurs tələbələri Ərtoğrul Balayev, Fərid Hüseynov), Üzeyir Hacıbəylinin mövzuları əsasında caz-kompozisiya (müəllif: Emil Əfrasiyab; ifa: Ərtoğrul Balayev – piano) səslənib.
Konsertrdən sonra mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək beynəlxalq festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının layihələrini yüksək qiymətləndirib, əsərləri səslənən bəstəkarlara yeni yaradıcılıq uğurları arzulayıb.