Sentyabrın 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko arasında ikitərəfli görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonağı səmimi salamlayan nazir Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
Qeyd olunub ki, Azərbaycan və Macarıstanın həm ikitərəfli formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə dərinləşir.
Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko səmimi qəbula görə azərbaycanlı həmkarına təşəkkür edib. O, iki ölkənin mədəni əlaqələrinin geniş perspektivləri olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı kitabxana, mədəni irsin qorunması və təbliği, o cümlədən kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı” imzalanıb.
Sənədi nazirlər Adil Kərimli və Balazs Hanko imzalayıblar.
Beşillik proqramda mədəni irsin rəqəmsallaşdırılması, mədəni və yaradıcı sənayelər, həmçinin ədəbiyyat, təsviri və tətbiqi sənət, musiqi, teatr, kinematoqrafiya, kitab sənayesi, muzey işi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər əksini tapıb.