Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrın 20-də Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Şah İsmayıl” operasını təqdim edib.

Teatrın öz binası təmirdə olduğu üçün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdirilən tamaşa eyni zamanda operanın müəllifi – böyük bəstəkar Müslüm Maqomayevin (1885–1937) 140 illiyinə həsr olunub.

Tamaşa mərhum Xalq artisti Ağababa Bünyadzadənin 1967-ci ildə verdiyi quruluş əsasında rejissor, Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən hazırlanıb. Səhnə tərtibatçısı mərhum Əməkdar rəssam Ənvər Almaszadə, baletmeyster SSRİ Xalq artisti Qəmər Almaszadə olub. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, solo tarda ifaçı Əməkdar artist Elxan Mansurovdur.

Rolları Əməkdar artist Təyyar Bayramov (Şah İsmayıl), Taleh Yahyayev (Aslan şah), Əməkdar artist Fəridə Məmmədova (Gülzar), Aytən Məhərrəmova (Ərəbzəngi), Əməkdar artist Ağasıyev Tural (İbn Tahir), Fəhmin Əhmədli (Vəzir), Əməkdar artist İbrahimov Əliəhməd (Əbu Həmzə), Nəzər Bəylərov (Rəmmal), Mütəllim Dəmirov (Çapqınçı), Mirəli Sarızadə (Züvvar) və Nazim Mahmudov (Qoca Ərəb) ifa ediblər.

“Şah İsmayıl” operası ilk dəfə səhnəyə 1919-cu ildə qoyulub. Tarixi-əfsanəvi mövzuda yazılmış operanın libretto müəllifi Mirzə Qədir İsmayılovdur. 

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu münasibətlə ölkənin müxtəlif şəhərlərində konsertlər, tamaşalar və konfranslar təşkil olunur.