Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr tarixlərində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Bakı Ekspo Mərkəzinin ev sahibliyi edəcəyi sərgidə iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.

Builki kitab bayramının fəxri yazarları da məlum olub.

Təşkilat komitəsi tərəfindən şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçiliblər.

Ədəbi fəaliyyətə 70-ci illərdə başlayan və türkçülük, vətəndaşlıq poeziyamızın tanınmış nümayəndələrindən olan Rüstəm Behrudi "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridir", "İblis mələkdən gözəldir", "Tənhalıqda ölüm qorxusu yoxdur", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabın müəllifidir. Əsərləri polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.

2000-ci illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Qismət Rüstəmovun müxtəlif illərdə "Vitrin", "Meqapolis hüznləri", "Qumru əlifbası", "Tanış küçələrin birində" kimi şeirlər, "Gələcəyin tarixi" və "Güzgülü pərdə" adlı esselər kitabları işıq üzü görüb. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Q.Rüstəmov dünya ədəbiyyatının bir sıra nümayəndələrinin əsərlərini Azərbaycan oxucusuna təqdim edib.

Qeyd edək ki, ötən il 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu, 2023-cü ildə sayca 9-cu sərginin fəxri yazarları Xalq yazıçısı Afaq Məsud və şair Şəhriyar Del Gerani, ondan öncəki il 8-ci sərginin fəxri yazarları isə Xalq şairi Ramiz Rövşən və şair Aqşin Yenisey olmuşdular.

Bundan əlavə, ayrı-ayrı illərdə sərgiyə müxtəlif ölkələrdən tanınmış müəlliflər də fəxri qonaq kimi dəvət olunub.

Ənənəvi olaraq bu il də paytaxt sakinlərinin və qonaqların sərgidə rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək.

Sərginin iş vaxtı: saat 10:00–20:00.