Rusiyanın Bolşoy Teatrı 250-ci yubiley mövsümünü sentyabrın 11-də Pyotr Çaykovskinin "İolanta" operasının yeni quruluşda premyerası ilə açıb.
Tamaşanın quruluşçu rejissoru və geyim üzrə rəssamı Azərbaycanın Xalq artisti, Bolşoy Teatrın aparıcı solisti, tanınmış vokalçı (bariton) Elçin Əzizovdur.
Musiqi rəhbəri maestro Valeri Qerqiyev (Rusiyanın Xalq artisti), dirijor-rejissor Anton Qrişanin və dirijor Pavel Sorokin də quruluş üzərində işləyiblər.
Tamaşada opera truppasının solistləri və Bolşoy Teatrın "Gənclər opera proqramı"nın artistləri rol alıblar. Əsas partiyaları teatrın solisti, Azərbaycanın Xalq artisti Dinara Əliyeva (İolanta), Mixail Kazakov (Kral Rene), İqor Qolovatenko (Robert), Behzod Davronov (Vodemon), Aleksandr Krasnov (İbn Hakia) ifa edirlər.
Bolşoy Teatrın saytında tamaşa haqqında anons-məlumatda diqqətə çatdırılır ki, bu, kino rejissorluğu üzrə ali təhsili və bir neçə filmi olan Elçin Əzizovun opera janrında rejissor debütüdür.
Qeyd edək ki, Elçin Əzizov məhz “İolanta” operasındakı İbn Hakia partiyasında əvvəlcə bu teatrın səhnəsində, sonra isə Metropolitan Operada (Nyu-Yotrk) və dünyanın aparıcı opera səhnələrində çıxış edib.
"Özümü rejissor kimi realizə etməyi düşünəndə həmişə güman edirdim ki, “İolanta” mənim ilk operam olacaq! Onun məni seçdiyini desəm, daha doğru olar – əvvəlcə opera müğənnisi, indi isə rejissor kimi debütüm üçün. Bu quruluş üzərində işləmək mənim üçün xüsusi önəm kəsb edir. Bir opera solisti kimi mən təkcə əsərə yaradıcı baxışımı deyil, həm də artistin ehtiyaclarını başa düşməyi təklif edirəm", – deyə o, teatrın saytına müsahibəsində bildirib.
Elçin Əzizov tamaşanın ərsəyə gəlməsi üçün gözəl komandanın formalaşdığını deyib, o cümlədən onun quruluşçu rejissor və geyim rəssamı kimi ideyalarını həyata keçirən istedadlı rəssamlar Alyona Pikalova və Andrey Abramovun, eləcə də rejissor assistenti Mariya Sokolovun əməyini xüsusi qeyd edib.
“Ümid edirəm ki, biz bu operanın xüsusi dünyasını – incə və təsirli səhnəni canlandıra bilmişik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, P.Çaykovskinin “İolanta” operası ilk dəfə tamaşaya qoyulduğu 1893-cü ildən bəri Bolşoy Teatrın səhnəsində yeddi dəfə (axırıncı dəfə 2015-ci ildə) səhnələşdirilib. Operanın librettosu P.Çaykovskinin qardaşı Modest Çaykovski tərəfindən (Henrix Hertsin “Kral Renenin qızı” dramı əsasında) qələmə alınıb.
Elçin Əzizovun rejissor debütü ilə səkkizinci dəfə səhnə həyatı qazanan opera yeni mövsümün ilk ayında dalbadal dörd gün (11–14 sentyabr) repertuarda yer alıb.
Vüqar Orxan