Tarixdəki olaylar

 

7 sentyabr 1812 – Rusiya-Fransa müharibəsində Borodino döyüşü (indiki Moskva vilayətinin Mojaysk rayonunun ərazisində kənd) olub. İki sərkərdə – Napoleon və Kutuzovun üz-üzə gəldiyi döyüşdə Fransa qoşunları məğlub olub. Napoleonun ordusu 58 min nəfər (o cümlədən 47 general), Rusiya qoşunları 44 min nəfər (o cümlədən 23 general) itki vermişdi.

 

7 sentyabr 1822 – Portuqaliyanın Cənub Amerikadakı ən böyük müstəmləkəsi olan Braziliya müstəqilliyini elan edib. Ölkə 1889-cu ildə Braziliya Federativ Respublikası, 1891-ci ildə isə Braziliya Birləşmiş Ştatları adını aldı.

 

7 sentyabr 1925 – Vyanada (Avstriya) keçirilən beynəlxalq konfransda Beynəlxalq Cinayət Polisi Komissiyası yaradılıb. 1946-cı ildə qurum İnterpol (Beynəlxalq Polis) adlandırılıb.

 

7 sentyabr 1991 – Erməni təxribatçı dəstələri Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı növbəti terror aktları həyata keçiriblər. İndiki Xocavənd rayonun Tuğ kəndinə silahlı basqın nəticəsində 2 sakin öldürülüb. Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.

 

7 sentyabr 2000 – Azərbaycan Prezident Heydər Əliyev Nyu-Yorkda, BMT Baş Assambleyasında keçirilən "Minilliyin sammiti"ndə çıxış edib. Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə seyrçi qaldığını vurğulayan Heydər Əliyev bu faktın işğalçılığı təşviq etdiyini bildirib. Həmin gün BMT-nin binasında GÖUAM dövlət başçıları – Gürcüstan (E.Şevardnadze), Özbəkistan (İ.Kərimov), Ukrayna (L.Kuçma), Azərbaycan (H.Əliyev) və Moldova (P.Luçinski) liderlərinin görüşü də keçirilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 sentyabr 1870 – Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870– 25.8.1938) anadan olub. “Molox”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta”, “Qranat qolbağı” və s. roman-povestlərin müəllifidir.

 

7 sentyabr 1907 – Görkəmli türk bəstəkarı, Türkiyə klassik musiqisinin yaradıcılarından Əhməd Adnan Sayqun (1907 – 6.1.1991) anadan olub. “Özsoy” (ilk türk operası), “Koroğlu” operaları, “Yunus Əmrə” oratoriyası və s. əsərlərin müəllifidir.

 

7 sentyabr 1909 – Yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu; 1909– 28.9.2003) İstanbulda anadan olub. İki dəfə “Oskar” laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).

 

7 sentyabr 1914 – Teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 – 19.9.1973) Bakıda anadan olub. Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.

 

7 sentyabr 1939 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939 – 21.10.2008) Bakıda doğulub. “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru olub. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.

Hazırladı: Vüqar Orxan