Tarixdəki olaylar

 

5 sentyabr 1991 – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaradılıb. Prezident Ayaz Mütəllibovun fərmanı ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin rəisi general-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib.

 

5 sentyabr 1993 – Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Ali Sovetin sədri Heydər Əliyev Moskvaya səfər edib. Bu, Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdandan sonra ilk xarici səfəri idi.

 

5 sentyabr 2002 – Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, KİV-in sərbəst inkişafının təmin edilməsi, maddi-texniki bazasının daha da gücləndirilməsi məqsədilə maliyyə vəsaiti ayrılıb. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

5 sentyabr 1568 – İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella; 1568 – 21.5.1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.

 

5 sentyabr 1892 – Tanınmış tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 – 26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub.

 

5 sentyabr 1912 – Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912–1992) anadan olub.

 

5 sentyabr 1935 – Xalq artisti, görkəmli aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935 – 27.6.2013) anadan olub. Musiqili Komediya, Akademik Milli Dram teatrlarında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”), kinoda (“Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “O dünyadan salam” və s.) yaddaqalan obrazlar yaradıb.

 

5 sentyabr 1942 – Yazıçı-dramaturq, şair Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev; 1942 – 21.4.2021) Naxçıvan şəhərində anadan olub.

 

5 sentyabr 1946 – İran əsilli Britaniya rok müğənnisi, “Queen” qrupunun lideri Freddi Merkuri (Freddie Mercury – əsl adı Fərrux Balsara; 1946–1991) anadan olub.

 

5 sentyabr 2022 – Əməkdar incəsənət xadimi, dirijor Fazil Böyükağa oğlu Əliyev (23.6.1945 – 2022) vəfat edib.

Hazırladı: Vüqar Orxan