Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) “2025-ci il üzrə Dövlət dəstəyi ilə film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinə keçən layihələrin prodüserləri ilə məlumatlandırıcı görüş təşkil olunub.
Tədbirdə çıxış edən Agentliyin baş direktoru Rəşad Əzizov müsabiqənin pitçinq mərhələsinin əhəmiyyəti, qiymətləndirmə prinsipləri və təşkilati məsələlər haqqında ətraflı məlumat verib.
Seçim komissiyasının üzvü Orxan Mərdan layihələrin təqdimatında vizual materiallardan istifadə edilməsinin faydalı olduğunu bildirib.
Yazıçı-dramaturq, ssenarist İlqar Fəhmi pitçinqdə iştirakçılara ayrılan qısa zaman ərzində ssenarinin keyfiyyətini, ideya və dramaturji quruluşun önəmini diqqətə çatdırmalı olduqlarını qeyd edib.
Kinoşünas Nadir Bədəlov prodüserlərin layihələrini təqdim edərkən vaxtın düzgün idarə olunmasının və əsas ideyanın aydın şəkildə ifadə edilməsinin vacibliyini qeyd edib.
ARKA Müşahidə Şurasının üzvü İlham Qasımov texniki imkanlar, layihə planlarının real icra mexanizmləri və maliyyə əsaslandırmasının şəffaf olmasının önəmini vurğulayıb.
Seçim komissiyasının üzvləri və prodüserlər arasında fikir mübadiləsi aparılıb. Komissiya nümayəndələri layihələrin təqdimat prosesi, seçim meyarları və müsabiqənin növbəti mərhələlərinə dair sualları cavablandıraraq iştirakçılarla açıq müzakirələr keçiriblər.