26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Bu münasibətlə Milli Kitabxana tərəfindən “Xalqın Mehribanı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxananın sərgi ilə bağlı yaydığı məlumatda vurğulanır ki, Mehriban xanım Əliyeva mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, ictimai-siyasi fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi, müasir dövrümüzün ən nüfuzlu ictimai-siyasi xadimlərindən biridir.

 ***

Milli Kitabxananın 26 avqustda istifadəçilərə təqdim etdiyi daha bir virtual sərgi Laçın Şəhəri Gününə həsr olunub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində (2020) əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü elan edilib. Bu günün qeyd olunması Azərbaycan xalqının milli iradəsini, dövlətin gücünü və tarixi ədalətin bərpasını əks etdirir.

Milli Kitabxanada “26 avqust – Laçın şəhəri günü adlı virtual sərgi ilə yanaşı eyniadlı ənənəvi kitab sərgisi də hazırlanıb.

Sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.