Avqustun 26-da Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə Laçın Şəhəri Günü keçirilir.

Builki Şəhər Günü Laçın üçün xüsusilə əlamətdardır. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın bu il “MDB-nin Mədəniyyət Paytaxtı” missiyasını daşıyır.

Şəhər Günü çərçivəsində Laçında MDB ölkələrindən yaradıcı gənclər bir araya gəlib.

Azərbaycanın dilbər guşəsi 25–29 avqust tarixlərində “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri”nə ev sahibliyi edir.

Hər iki layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.

***

Avqustun 26-da Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən gənclərin iştirakı ilə "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığını bildirib. Qeyd olunub ki, Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərin inkişafı da diqqətdə saxlanılır, gənclərin bu sahədə fəaliyyətinə dəstək verilir.

Şöbə müdiri deyib ki, Azərbaycan MDB ölkələri arasında mədəni əməkdaşlığın inkişafına öz töhfəsini verir, bu məqsədlə müxtəlif layihələr həyata keçirilir.

Bu il "MDB-nin Mədəniyyət Paytaxtı" olan Laçında Şəhəri Günü çərçivəsində MDB ölkələrindan yaradıcı gənclərin bir araya gəlməsi bunun göstəricisidir. Bu qəbildən layihələr MDB ölkələrinin gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına töhfə verəcək.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə və başqa çıxış edənlər ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında danışıblar.

Tədbir diskussiya şəklində davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu sahədə reallaşdırılan layihələrdən söz açıblar.

***

Qeyd edək ki, Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.