Azərbaycan mədəniyyətinə və kino sənətinə itki üz verib. Əməkdar incəsənət xadimi, tanınmış kinooperator, rejissor, ssenarist Zaur Məhərrəmov avqustun 23-də, ömrünün 88-ci ilində vəfat edib.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasından bildiriblər ki, Zaur Məhərrəmov uzun illər yaşadığı və çalışdığı Türkiyədə dünyasını dəyişib.

Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda anadan olub. 1963-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu kinooperator ixtisası üzrə bitirib. Həmin ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərib.

Azərbaycan kinosunun dəyərli nümunələrindən olan "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü" və s. bədii filmlərin quruluşçu operatoru olub.

80-ci illərdə rejissor və ssenarist kimi fəaliyyətini davam etdirib. Sənədli filmlər çəkib. “Azərbaycanfilm”in tərkibində "Yaddaş" yaradıcılıq birliyini (sonralar müstəqil studiya) təşkil edib və ilk rəhbəri (1989) olub.

1997-ci ildə Türkiyəyə köçüb, Erciyes Universiteti İncəsənət fakültəsinin kino və televiziya şöbəsinin müdiri, Anadolu Universitetinin (Kayseri) Kommunikasiya elmləri fakültəsinin professoru kimi pedaqoji fəaliyyət göstərib.

“Kino üzərində düşüncələr”, “Sənədli kino estetikası” kitablarının müəllifidir. 

Zaur Məhərrəmov 1978-ci ildə “Ad günü” filminin əsas yaradıcı heyət üzləri ilə birlikdə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. 2015-ci ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının "Qızıl pəri" mükafatı ilə təltif olunub.

Anadolu Universitetinin yaydığı məlumata görə, Zaur Məhərrəmov avqustun 25-də universitet camisində cənazə namazından sonra Kayseri şəhərindəki Asrı məzarlıqda dəfn ediləcək.

Allah rəhmət eləsin.