Türk Mədəniyyəti və İrsi Fondunun yaranmasından 13 il ötür.

Fond 2012-ci il avqustun 23-də Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə toplantısında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. 

Türk Mədəniyyəti Fondunun prezidenti Aktotı Raimkulova əlamətdar ildönümü münasibətilə deyib: “Yarandığı gündən indiyədək əsas məqsədimiz Türk dünyasının zəngin irsinin və çoxəsrlik tarixinin öyrənilməsi, qorunması və təbliği olmuşdur. Bu missiya çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu bir sıra mühüm tədbirlərə imza atmış, mədəni əməkdaşlığın genişləndirilməsinə və ortaq dəyərlərin dünyaya tanıdılmasına töhfə vermişdir. Fond gələcəkdə də Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ortaq türk tarixi və irsinin yeni tədqiqatlarla zənginləşdirilməsi, həmçinin müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Türk dünyasının birliyi və irsi gələcək nəsillər üçün ən böyük mirasımızdır!”.

Aktotı Raimkulova qeyd edib ki, Türk dünyasının ecazkar və günəşli şəhəri Bakıda yerləşən Fond türk xalqlarının sənətkarlıq, folklor, tarix, ədəbiyyat və digər mədəniyyət sahələrində irsinin qorunub saxlanması, inkişafı, möhkəmləndirilməsi və təbliği istiqamətində fəaliyyətini davam etdirməkdədir.

Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradılan, sonradan Özbəkistanla sıralarını genişləndirən, Macarıstan və Türkmənistan ilə bir qədər də genişlənəcəyi gözlənilən bu təşkilat türk xalqlarının milli və mənəvi dəyərlərinin təbliği sahəsində bir çox dəyərli layihələrə imza atır: kitablar nəşr edilir, görkəmli tədqiqatçı alimlərin iştirakı ilə sərgilər, konfranslar təşkil olunur. Türk dünyasının maddi mədəniyyət abidələrinin bərpası sahəsində işlər aparılır. Türk dünyasının tarixini və mədəniyyətini birgə araşdırmaq üçün bütün türk birliklərinin bir araya toplanması və birgə işləməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə o əlavə edib.