Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) dünyaca məşhur amerikalı yazıçı, ssenarist və prodüser Sid Fildin (Syd Field; 1935–2013) “Ssenari yazmağın təməl qaydaları” kitabını Azərbaycan dilinə tərcümə edəcək.

AKİ-dən verilən məlumata görə, kitabın yayım hüquqları 5 illik müddətinə alınıb. İlk dəfə 1979-cu ildə işıq üzü görən əsər 2003-cü ilə qədər yarım milyon nüsxə tirajla satılıb. 

“Ssenari yazmağın təməl qaydaları” indiyədək 22 dilə tərcümə edilib və dünyanın 400-dən çox universitet və kollecində dərs vəsaiti kimi istifadə olunmaqdadır.

Əsər yeni başlayan ssenaristlər, kino sahəsində təhsil alan tələbələr, rejissor və prodüserlər, həmçinin film sahəsində yazı işi ilə məşğul olan hər kəs üçün dəyərli vəsaitdir.

Kitab AKİ tərəfindən nəşr edildikdən sonra kino mütəxəssisləri və tələbələrə pulsuz paylanacaq.

Müqavilənin imzalanması “Roller Bird” nəşriyyat evi və onun təsisçisi Əfsanə Yusifin təşkilati dəstəyi ilə həyata keçirilib.