Avqustun 25-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (1935–2021) anadan olmasının 90 illiyi tamam olur.
Bu münasibətilə avqustun 22-də Milli Kitabxanada Fikrət Qocaya həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov şairin yaradıcılığından söhbət açıb. Vurğulayıb ki, yubiley münasibətilə “Fikrət Qoca. Biblioqrafiya” kitabı hazırlanıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid Fikrət Qoca ilə bağlı xatirələrini bölüşüb. “Onu şəxsən tanımamışdan əvvəl də şeirlərinə heyran idim. Fikrət Qoca ilə birlikdə çalışıb, bir çox səfərlərdə yol yoldaşı olmuşuq. Fikrət Qoca gözəl insani keyfiyyətlərə sahib olub. O, xüsusilə də gənclərə diqqət göstərib. Şeirləri Azərbaycan ədəbiyyatında əbədi olaraq yaşayacaq”, – deyə R.Məcid əlavə edib.
AYB-nin katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağasəs, şair Aybəniz İsmayılova çıxışlarında Fikrət Qocanı Azərbaycan poeziyasında öz dəsti-xətti olan novator şair, obyektivlik simvolu kimi xarektirizə ediblər.
Fikrət Qocanın bacısı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edib.
Sonra ktabxana əməkdaşlarının hazırladığı “Xalq şairi Fikrət Qoca” adlı elektron məlumat bazasının (https://anl.az/el/emb/Fikret_Qoca/index.html) və virtual sərginin (https://anl.az/el/vsb/Fikrat_Goja_90/index.htm) təqdimatı olub.
Tədbir iştirakçıları “Xalq şairi Fikrət Qoca - 90” adlı ənənəvi kitab sərgisi ilə də tanış olublar.