Tarixdəki olaylar
21 avqust 1991 – Erməni təxribatçı dəstəsi tərəfindən Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində, Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında sərnişin avtobusu partladılıb. 2 azərbaycanlı həlak olub, 10 nəfər yaralanıb.
21 avqust 1997 – Azərbaycan Respublikası ilə Serbiya və Çernoqoriya İttifaqı (2006-cı ildən Serbiya və Çernoqoriya respublikalarına ayrılıb) arasında diplomatik münasibətlər qurulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
21 avqust 1927 – Əməkdar artist, skripkaçı, pedaqoq Tahir İsrafil oğlu Atakişiyev (1927 – 30.11.2012) Göyçay rayonunda anadan olub.
21 avqust 1930 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, akademik, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 – 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyib.
21 avqust 1951 – Əməkdar artist Təvəkkül Əjdər oğlu Əliyev (1951 – 23.1.2017) anadan olub. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında fəaliyyət göstərib, filmlərdə çəkilib.
21 avqust 1997 – Rus aktyoru, məşhur sirk ustası, kloun Yuri Vladimiroviç Nikulin (18.12.1921 – 1997) vəfat edib. Uzun illər Moskva Sirkinə rəhbərlik edib. Çəkildiyi filmlər: “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s.
21 avqust 2002 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (19.12.1921 – 2002) vəfat edib. Rəngkarlıq və bədii illüstrasiya üzrə məşhur əsərləri ilə yanaşı, “Nizami” metro stansiyasının bədii tərtibatının müəllifidir. “Hindistan” silsiləsinə görə Cəvahirləl Nehru mükafatına layiq görülüb.
Hazırladı: Vüqar Orxan