Lalə Sərdarlı: Nəticədən qürurluyuq, hesabatımız şərəfimizdir!
Bu günlərdə “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin həyata keçirdiyi "Qərbi Azərbaycanın sənət nümunələri" adlı layihə haqda mətbuatda qısa məlumat yayıldıqdan sonra çoxsaylı suallara tuş gəldik. Əslində, bu, bizi çox sevindirir. Deməli, insanlarımız, cəmiyyət gördüyümüz işlərə, yaradıcılığımıza biganə qalmır. Bu nəticəyə görə media qurumlarına səmimi təşəkkürümü bildirirəm. Ən azı ona görə ki, belə xəbərlərə bu cür yanaşma bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına böyük töhfə verə bilir.
Qeyd edim ki, həm yuxarıda adını çəkdiyim, həm də ötənilki "Zəngəzur sənətkarlığı" adlı layihəmizin baş tutmasına Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin göstərdiyi maliyyə yardımı səbəb olub.
İndi bizdən soruşurlar ki, bəs necə oldu, Azərbaycan mücrüləri qardaş Türkiyədə keçirilən çox mötəbər, beynəlxalq zirvə toplantısında bu cür diqqət mərkəzində oldu?
Bəlkə də bu suala elə bir cümləylə: – Bu, indiyədək gördüyümüz işlərin məntiqi nəticəsidir, – deyə cavab verərdik.
Amma hesab edirəm ki, indi Azərbaycan mücrülərinin uğuru, şan-şöhrəti artıq, yalnız bizə məxsus deyil, həm də hamımızın, gözəl ölkəmizin, çox zəngin irsə sahib olan mədəniyyətimizin uğuru kimi qəbul edildiyindən bu məsələyə tam başqa bucaqdan nəzər salmalıyıq. Ən azı ona görə ki, o möhtəşəm gündə Nobel mükafatçısı Əziz Sancar, böyük Türk dünyasının tanınmış tarixçisi İlbər Ortaylı kimi bilim adamları əlləriylə mücrülərimizi sevə-sevə oxşayarkən, nəzərləriylə gördüklərinə rəğbətlərini bildirərək Azərbaycanımızın, onun zəngin mədəniyyətinin şəninə söylədikləri xoş, həm də çox qiymətli fikirlər bunu diktə edir.
Eləcə də 50-ə yaxın ölkədən 400-dən çox ən ünlü simanın qatıldığı bu zirvədə bir çox sabiq ölkə başçılarının xanımlarıyla birgə növbəylə Qərbi Azərbaycan mədəni irsini tərənnüm edən Azərbaycan mücrüləriylə fotolar çəkdirməsi və bu zaman Azərbaycanın ayrı-ayrı sahələrdəki nailiyyətlərinə heyran olduqlarını nümayişkaranə bildirmələri məsuliyyətimizi daha da artırır.
Həmin o məsuliyyət və öhdəmizə götürdüyümüz vəzifələrə rəğmən biz təşkilat, sənətkar, vətəndaş olaraq bütün mümkün platformalardan istifadə edərək Qərbi Azərbaycan həqiqətlərini dünya insanlarına çatdırmağı planlaşdırmışıq.
Beləcə, dünyanın hər yerindən gəlmiş ictimai xadimlər, tanınmış sənət, elm adamları, dini liderlər, məşhur diplomatlar ilk baxışda böyük Türk dünyasının sənət incilərini gördüklərindən çox məmnun olduqlarını nümayiş etdirir, əsərlərimizə tam yaxınlaşanda isə ortaq dəyərlərimizə söykənərək hazırladığımız Azərbaycan mücrülərinin qarşısında olduqlarını bilirdilər.
Mücrülərin üzərindəki naxışlar, simvollar, kompozisiya quruluşu, bunların hamısının vəhdətindən yaranan hekayə ilə tanış olduqca onlara bütün bunların Qərbi Azərbaycanın çox zəngin mədəni irs elementlərini tərənnüm etdiyini anladırdıq. Bu zaman yaranan xoş sənətsevərlik aurası fürsətindən yararlanaraq ətraflı şəkildə Qərbi Azərbaycan həqiqətlərindən danışmağa başlayırdıq. İstər tarix, hüquq, istərsə də mənəviyyat müstəvisində qərarlaşa bilən haqq işimizin məzmununu onlara çatdırırdıq.
Onlar bizi çox gözəl dərk etməyə başlayırdılar. İçində olduğumuz bu unikal atmosfer imkan verirdi ki, əsərlərimizlə bu cür tanış olanlar tarixi həqiqətlərimizi həzm edə bilsinlər.
Bəli, bu bizim illərlə ölçüb biçib, qurub yaratdığımız, beyin mərkəzli formatdır. O format ki, orda hazırladığımız Azərbaycan mücrüləri və digər dekorativ tətbiqi sənət nümunələri üzərindən ətrafa çatdırmaq istədiyimiz Azərbaycan həqiqətlərini daha dolğun şəkildə ifadə edə bilirik.
Əlbəttə, bu yerdə bizə bu fürsəti tanıyan, dünyaca nüfuzlu, qardaş Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurucusu və rəhbəri doktor Akkan Suverə böyük vəfa borcumuz vardır. Biz 28-ci Avrasiya İqtisadi Zirvəsinə, eləcə də onun təşkilatçısı olan qurumun 40 illik yubileyi ilə bağlı tədbirlərə hörmətli Akkan bəyin şəxsi dəvəti ilə qatılmışdıq. O bizi Azərbaycan sənətkarları, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq yüksək qonaqpərvərliklə, sabiq ölkə başçıları, Nobel mükafatçısı, dünyanın digər ünlü simaları ilə eyni səviyyədə qarşıladı. Bu onun Azərbaycan sənətkarlığına, mədəniyyətinə olan qardaşlıq sayğısının göstəricisi idi.
Hələ ötən il ictimai birliyimizin Akkan bəyin rəhbərlik etdiyi çox nüfuzlu qurumla əməkdaşlığa başladığı ilk anlardan onun ağsaqqal tövsiyələrini, mənəvi dəstəyini hiss etmişdik.
Yalnız Türkiyədə deyil, elə ötən il COP29 çərçivəsində keçirilən Ümumdünya Dini Liderlərin Qlobal Bakı Sammitinin işinə də doktor Akkan Suverin şəxsi təşəbbüsü ilə qatılmışdıq. Burada o, bizi bir sıra ölkələrin dini liderlərinə təqdim edərək, həyata keçirdiyimiz "Sənətdə sülh elçiliyi – tolerantlıq" adlı layihəmiz barədə ətraflı məlumat verir, hazırladığımız əsərlərlə onları tanış edirdi. Çünki o, özü də dünyada çox rəğbətlə qarşılanan barış elçisi, dinlər və mədəniyyətlər arasında dialoqun təşkilatçılarından, təbliğatçılarından biridir.
İstanbulda keçirilən builki yüksək zirvə toplantısı zamanı Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təsis etdiyi xüsusi mükafatlarla yanaşı, yenə də Akkan bəyin təşəbbüsüylə bizim hazırladığımız Azərbaycan mücrüləri də 40-a yaxın müxtəlif ölkələrin ən ünlü simalarına çox təntənəli şəkildə təqdim edildi.
Düzdür, mövcud sosial şəbəkələrə, müxtəlif onlayn sənət platfomalarına, onlayn sərgilər sayəsində dünyanın bir sıra ölkələrində bəlli sənət cameəsində əsərlərimiz tanınır və çox şadıq ki, rəğbətlə də qarşılanır. Hətta İspaniya, İtaliya, Almaniya, Macarıstan, Niderland, Estoniya, Latviya, Qazaxıstan kimi ölkələrdən sərgi təklifi də almışıq zamanında. Lakin ilk mərhələdə qardaş Türkiyənin Azərbaycan mücrülərinin, Azərbaycan mədəniyyətinin dünyaya əyani şəkildə tanıdılması yolunda, başda Akkan Suver olmaqla, dünyaca məşhur Topqapı Sarayının, şəxsən bu muzey kompleksinin şöbə müdiri İlhan Kocamanın, Türkiyə Yunus Əmrə İnstitutunun xidmətləri daha önəmlidir.
Ümumilikdə, hazırladığımız Azərbaycan mücrü və sandıqlarının incəsənətdəki, vətəndaş cəmiyyətindəki yerini bu mövqeyə çatdırana qədər 10 il yol gəlməli olduq. Bu yol heç də asan, hamar olmadı. Həm də biz tənha yolçularıq axı...
On il bundan əvvəl informasiya məkanında, akademiya, universitet dərsliklərində, kitabxanalarda vaxtilə xalçaçılıq, dulusçuluq, misgərlik və s. el sənətləri ilə yanaşı mövcud olmuş mücrü, sandıq sənətkarlığı ilə bağlı heç bir məlumata rast gəlmirdik. Axtarış zamanı bizim dövrün insanlarının çox sevdiyi qısa, amma çox məşhur olan bir filmdəki "Açıldı mücrü, örtüldü mücrü" ifadəsi (Gülhüseyn Hüseynoğlunun mənsur şeiri əsasında çəkilən televiziya filmi (1973) – red.) önə gəlirdi... Qeyd edim ki, biz özümüz də bu sənətə ənənəvi yollarla gəlmədik. Bir məktəbimiz, ustadımız olmadı o zaman. Biz jurnalist ailəsini bu gözəl sənətə əlahəzrət art-terapiya gətirdi. O, həm də bizim əsil xilaskarımıza çevrildi.
Bu, ayrıca, çox geniş, həm də ibrətamiz bir mövzudur. Nə vaxtsa, ehtiyacı olan insanlara fayda vermək üçün bu vacib mövzuya qayıtmaq vəfa borcumuz, sosial məsuliyyətimizdir.
Yaradıcılığımızın 5-ci ilində ölkəmizin müvafiq qurumlarında və ölkədən kənar müxtəlif platformalarda hazırladığımız mücrü və sandıqlar sənət əsəri kimi tanınmağa başlandı. Onlar Azərbaycan mədəniyyət tarixində ilk dəfə adlı, hekayəli, mesajlı mücrü və sandıq olaraq sənət əsərləri kimi qəbul edildilər. Mədəniyyət Nazirliyinin komissiyalarının yekdilliklə verdiyi o rəyləri, şəhadətnamələri, sertifikatları aldıqca özümüzü çox xoşbəxt hesab edirdik. Axı Azərbaycanda unudulmaqda olan bir el sənəti ənənəsini yeni formatda günümüzə daşımaq məhz bizə, Sərdarlı sənətkar ailəsinə nəsib olmuşdu.
Növbəti mərhələdə bu möhtəşəm nəticəni qorumaq, yaşatmaq, təbliğ etmək gərək idi.
Azərbaycanda sandıq və mücrülərin ən yaxın “əqrəba”ları sayılan xalça, kəlağayı və digər dekorativ tətbiqi sənət nümunələrini çox uğurla yaşadan, öyrədən kifayət qədər nüfuzlu, sanballı təşkilatlar, müəssisələr var. Amma sandıq üçün bunu söyləmək olmur. Buna görə kimisə günahlandırmaq da olmaz. Çünki sandıq bir məişət əşyası kimi funksionallığını itirdiyindən o yalnız müəyyən bəlli təbəqənin yaddaşlarında, əsərlərdə qalmaqdadır. Bu, təbii prosesdir.
Odur ki, biz sandığı günümüzə maraqlı məzmunda və formatda qaytarmaq üçün öz metodologiyamızı qurduq. Bu metodologiyaya söykənərək digər unudulmuş el sənətlərinə də yeni nəfəs vermək olar. Odur ki, biz bütün yaradıcılıq potensialımızı, mövcud resurslarımızı (şəhərdəki yaşayış evimizi satmaqla) səfərbər edərək Novxanıdakı bağ evimizdə dünyada yeganə sayılacaq “Sandıq evi” yaratmağa qərar verdik.
İki ilə qurduğumuz bu məkanı vaxtilə İrəvanda mövcud olmuş Sərdar Xan Sarayının uca ruhuna ithaf edərək "Sərdar Sandıq Ocağı" adlandırdıq.
Dövrünün ən gözəl mədəniyyət incilərindən biri olan bu möhtəşəm saray Qərbi Azərbaycanda yaradılmış, demək olar ki, bütün tarixi memarlıq abidələrimizlə yanaşı amansızcasına dağıdılmış, xüsusi vandallıqla yer üzündən silinmişdir. Acı taleyi olan bu irsin heç olmasa bir hekayəsinin də burada, “Sandıq evi”mizdə ləyaqətlə yaşatmağı özümüzə boru bildik. Artıq 4 ildir ki burda həm beyin mərkəzi olaraq çalışır, zəngin mədəni irsimizi öyrənən araşdırmalarımızın nəticələrini dəyirmi masalarla, konfrans, seminarlarla insanlar arasında təbliğ edir, həm də yaradıcılıqla məşğul oluruq.
Bu illər ərzində ABŞ, Rusiya, Çin, Almaniya, Türkiyə, Macarıstan, Şimali Kipr, Gürcüstan və İrandan gələn tanınmış elm, təhsil, sənət adamları, dövlət xadimləri, diplomatik korpus nümayəndələri, eləcə də yerli ictimaiyyət və vətəndaş cəmiyyəti təmsilçiləri burada unudulmuş el sənəti nümunələri, Azərbaycanın mədəni irsi, eləcə də dünya xalqlarının mədəni irs elementlərini tərənnüm edən əsərlərlə tanış olmuşlar.
Məhz bu məkanda "Turan yolu Zəngəzurum","İrəvanım", "Dərələyəzim" adlı kolleksiyalarımız, "Mənim ailəm", "Sultanlar eşqi", "Vəhdət körpüsü", "Mələklər vadisi", "Çərxi-fələk", "Menora şəfəqləri", "Göyçəm", "Keşkəndim", "Sonuncu xan", "İpək Yolu", "Atlantida" və əsərləri sevə-sevə yaradıb, gözlərimizin nurunu, qəlbimizin istisini gələcək nəsillərə, insanlığa, Azərbaycanın zəngin mədəni irs xəzinəsinə ərməğan etmişik.
Hazırda "Sənətdə sülh elçiliyi – tolerantlıq" adlı layihəmizin icrası ilə də məşğuluq. Layihəyə əsasən hazırladığımız tətbiqi sənət nümunələri Bakı Yeparxiyasının Müqəddəs “Mürr Daşıyan Zənənlər” kafedral kilsəsində "Külli İxtiyar Rəbb" oyma ikonası, "Müqəddəs Varfolomey" ikonası, Türkiyədə Süryani Ortodoks Patriarxlığında "Müqəddəs Varfolomey ikonası, ağacdan hazırlanmış katolik xaçı, Türkiyə yəhudilərinin dini idarəsi – Hahanbaşlığı Vəqfində "Çərxi-fələk" adlı mücrü, İstanbulda yerləşən Rum Ortodoks Patriarxlığında "Müqəddəs Varfolomey" ikonası, Türkiyə Dəyanət Vəqfi İstanbul müftiliyində "Quranımız ayaqda" adlı xüsusi quranqabı, eyniadlı dekorativ tətbiqi sənət nümunələri Kanadanın Prins Albert Universitetində, Bakıda Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşavirliyində, "Menora şəfəqləri" adlı mücrü Azərbaycan Dağ Yəhudiləri Muzeyində saxlanılır.
Eyni zamanda "Mirzə Qədim" kolleksiyası üzərində də iş aparırıq.
Bir sözlə, bütün bunlar Azərbaycan mücrülərinin və hazırladığımız digər dekorativ tətbiqi sənət nümunələrinin dünyada tanıdılması, şan-şöhrət qazanması yolunda on il Sərdarlı sənətkar ailəsi olaraq, üç il də vətəndaş cəmiyyəti təmsilçiləri olaraq gördüyümüz işlərin hesabatıdır.
Nəticədən qürurluyuq. Ona görə qürurluyuq ki, bu formatda, yaratdığımız metodologiyaya söykənərək üzərində hekayəsi, fəlsəfəsi, mesajı, kodları olan sandıq, mücrü hazırlayan nəinki ölkəmizdə, eləcə də dünyada yeganə sənətkarlar, vətəndaş cəmiyyəti təmsilçiləriyik.
Mən həm də bu on illik hesabatımızı böyük məmnuniyyətlə əsrlərin həsrətinə son qoyan Zəfəri xalqımızla birgə ölkəmizə qazandıran, o Zəfəri bu günlərdə dünyaya, onun ən qüdrətli sayılan dövlətinin birinci masasına ləyaqətlə daşıyan hörmətli Prezidentimiz cənab İlham Əliyevə, zəngin mədəni irsimizə göstərdiyi xüsusi sayğı və qayğısı ilə incəsənətimizə yeni bir intibah dövrü bəxş edən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya, eləcə də mədəniyyət nazirimiz Adil Kərimliyə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, elm və təhsil naziri Emin Əmrullayevə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Əziz Ələkbərliyə ünvanlayıram.
Çünki biz bu illər ərzində dövlət başçımızın dəfələrlə xüsusi vurğuladığı milli mənəvi dəyərlərimizin, bu dəyərlərə söykənən müqəddəs ailə institutumuzun, zəngin mədəni irsimizin qorunmasına, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına əməli töhfə vermək məqsədilə bir Azərbaycan ailəsi, vətəndaşı, sənətkarı olaraq çalışdıq.
Bundan sonra da Azərbaycanımızın tərəqqisi uğrunda bu şərəfli yolu daha böyük yaradıcılıq potensialı ilə ləyaqətlə addımlamağa hazırıq.
Lalə Sərdarlı
“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri