Tarixdəki olaylar
15 avqust 1992 – Azərbaycanda milli valyuta – manat dövriyyəyə buraxılıb. Milli valyutanın dövriyyəyə buraxılması barədə fərman 1992-ci il iyulun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən imzalanmışdı. 1992-ci ildə 1, 5, 10, 250 manatlıq, 1993-cü ildə 50, 100, 500, 1000 manatlıq pul vahidləri tədavülə buraxılıb. 1994-cü ilə qədər manat dövriyyədə köhnə sovet rublu ilə paralel işləyib. 1994-cü ildə 10 000 manatlıq, 1996-cı ildə 50 000 manatlıq əsginaslar dövriyyəyə daxil edilib. 2006-cı il yanvarın 1-dən Prezident İlham Əliyevin fərmanı ilə denominasiya həyata keçirildi və köhnə manatlar yeni dizaynlı əskinaslarla (1 AZN = 5000 manat nisbətində) əvəz olunub.
15 avqust 1994 – Azərbaycan Respublikası ilə Sinqapur (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
15 avqust 1771 – Şotland yazıçısı, şair Valter Skott (Walter Scott; 1771 – 21.9.1832) anadan olub. Tarixi roman janrının banisi sayılır. Əsərləri: “Edinburq həbsxanası”, “Ayvenqo”, “Kventin Dorvard” və s.
15 avqust 1902 – Əməkdar artist Qəmər Topuriya (Tamara Vissarionovna Topuriya; 1902 – 3.6.1947) Tiflisdə doğulub. Tiflisdə Azərbaycan teatrında çalışıb, Bakıya gəldikdən sonra Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub.
15 avqust 1922 – Xalq artisti Konstantin Adamov (1922 – 11.5.1990) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
15 avqust 1925 – Türkiyənin tanınmış teatr və kino aktyoru Münir Özkul (1925 – 5.1.2018) İstanbulda doğulub. 200-dən çox filmdə yaddaqalan obrazlar yaradıb.
15 avqust 1936 – Əməkdar memar Tofiq Əli oğlu Abdullayev (1936 – 14.12.2021) Göygöl rayonunda doğulub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru olub.
15 avqust 1952 – Əməkdar müəllim Yusif Boran oğlu Vəliyev (1952 – 25.5.2021) Ağdam şəhərində anadan olub. Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin direktoru işləyib.
Hazırladı: Vüqar Orxan