Osaka şəhərində keçirilən “Expo 2025" dünya sərgisindəki Azərbaycan pavilyonunda Azərbaycan-Yaponiya elmi-mədəni əlaqələrinə həsr olunmuş təqdimat təşkil edilib.
Bu barədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan məlumat verilib.
Tədbirin əsas məruzəçisi Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusova “Müstəqil Azərbaycan Respublikasında elm və mədəniyyət: Azərbaycan-Yaponiya elmi-mədəni əlaqələrinin inkişafı” mövzusunda çıxış edib.
Məruzədə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra elmin və mədəniyyətin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi vurğulanıb. Bu istiqamətdə xüsusilə AMEA-nın rolu qeyd edilib. Gülnar Yunusova AMEA-nın yalnız bir elmi müəssisə deyil, həm də xalqın mənəvi və intellektual irsini yaşadan elm məbədi olduğunu vurğulayıb.
Məruzədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Azərbaycan elminin beynəlxalq inteqrasiyası istiqamətində həyata keçirilən təşəbbüslər barədə də məlumat verilib. Qeyd edilib ki, Azərbaycan elminin klassik ədəbi irsinin tanıdılması, müasir elmi tədqiqatların dünya miqyasında yayılması, o cümlədən yaponiyalı alimlərlə birgə tədqiqatlar aparılması bu əməkdaşlığın strateji əsasını təşkil edir.
Həmçinin Azərbaycanın Yaponiya ilə elmi-mədəni əlaqələrinin tarixi mərhələləri, müstəqillik dövründə keçirilmiş tədbirlər, qarşılıqlı səfərlər və birgə nəşrlərdən bəhs olunub.
Tədbir iştirakçılarının Azərbaycan mədəniyyəti və elminin istiqamətləri, Yaponiya ilə elm sahəsində əməkdaşlıq, qarşılıqlı maraqlar və yeni layihə imkanları barədə sualları cavablandırılıb.
Tədbirin mədəni hissəsində Azərbaycan mədəniyyətinin Yaponiyada təbliğatçısı Minarə Şükürova milli geyimlərimiz, musiqimiz və rəqslərimiz haqqında təqdimat edib.
Qeyd edək ki, Azərbaycanın xüsusi pavilyonla təmsil olunduğu "Expo Osaka" 2025-ci il aprelin 13-də başlanıb və oktyabrın 13-dək davam edəcək.