Avqustun 5-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) “Terrorsuz Türkiyə” komissiyasının ilk iclası keçirilib.
Komissiyanın üzvləri qarşısında çıxış edən TBMM-nin sədri Numan Kurtulmuş deyib: “Cinayətkar təşkilatlar, o cümlədən “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə mübarizə istiqamətində atılan təsirli addımlar sayəsində Türkiyə bu gün öz inkişafının tarixi mərhələsində, milli təhlükəsizlik problemini tamamilə aradan qaldırmaq üzrədir”.
Onun sözlərinə görə, yeni parlament komissiyası türk xalqının iradəsinin təzahürüdür və on illərdir xalqın enerjisini tükəndirən problemə yeni yanaşmalar tapmaq istəyidir. TBMM spikeri terrorla mübarizə illərini “türk xalqı üçün ortaq ağrı və itki” adlandırıb. O əlavə edib: “Terror nəinki Türkiyə vətəndaşlarının həyatına son qoydu, həm də ölkənin gələcəyə olan ümidlərə zərbə vurdu. Türkiyənin inkişafının qarşısını almaq üçün cəhdlər edildi. Ölkəmiz terrorla üzləşməsəydi, bir çox layihə və proqramlar çox erkən həyata keçirilərdi”. O, terror probleminin Türkiyə dövlətinin gündəmindən çıxarılmasının bütün bölgədə bu təhlükənin aradan qaldırılmasına gətirib çıxaracağını vurğulayıb.
Qeyd edək ki, 48 millət vəkilinin yer aldığı “Terrorsuz Türkiyə” parlament komissiyası qanunverici orqanın payız sessiyasının açılışına – oktyabrın 1-dək fəaliyyət göstərəcək. Onun vəzifəsi ölkədə terror probleminin aradan qaldırılması üçün qanunvericilik təşəbbüslərini inkişaf etdirməkdir.
Komissiyada, "İyi Partiya" istisna olmaqla, TBMM-də millət vəkili olan 11 partiya, o cümlədən ana müxalifət partiyası – CHP təmsil olunur.
***
Bu arada Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın (Yüksek Askeri Şura – YAŞ) növbəti illik toplantısı başlanıb.
Toplantıdan əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edən və yazdığı mesajı oxuyan Ərdoğan deyib: “Bizə qarşı qurulan tələlərə, həm daxildən, həm də ölkənin hüdudlarından kənardan edilən hücumlara baxmayaraq, yenidən formalaşan qlobal nizam çərçivəsində Türkiyəni regionda lider dövlət etmək uğrunda mübarizəmiz davam edir.
Biz təhlükəsizlikdən demokratiyaya, iqtisadiyyatdan texnologiyaya, müdafiə sənayesindən xarici siyasətə qədər bütün sahələrdə millətimizin gələcəyini qorumaq naminə tarixi addımlar atırıq”.
Ali Hərbi Şuranın üzvləri ilə birlikdə Atatürkün məzarını ziyarət edən Prezident Ərdoğan əlavə edib: “İnanırıq ki, şuramızın 2025-ci il toplantısı Türkiyə əsri vizyonuna doğru gedən yolda yeni bir mərhələ olacaq”.