Avqustun 5-də görkəmli alim və cərrah, tibb elmləri doktoru, akademik Mustafa bəy Topçubaşovun (1895–1981) anadan olmasının 130 illiyi tamam olur. Alimin 130 illiyinin qeyd edilməsi ilə bağlı iyunun 10-da ölkə başçısı sərəncam imzalayıb.

Sərəncamdan irəli gələrək Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin ömür yolundan və elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Mustafa bəy Topçubaşovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, tibb elmləri doktoru, professor Fariz Camalovun və akademik M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri dosent Şəfa Əliyevin “Dünyaşöhrətli cərrah akademik Mustafa bəy Topçubaşov”, fəlsəfə doktoru, dosent İradə Əliyevanın “Fədakar alim, şəfalı həkim, böyük şəxsiyyət” kimi məqalələrinin tam mətni verilib.

Kitabxana əməkdaşları tərəfindən “Cərrah, alim Mustafa bəy Topçubaşov 130” adlı videomaterial da hazırlanıb. Materialda Mustafa bəy Topçubaşovun müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və videogörüntüləri sərgilənir.

“Cərrah, alim Mustafa bəy Topçubaşov 130” adlı videomaterial da kitabxananın rəsmi saytında yerləşdirilib.