
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli yazıçı, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, dövlət xadimi, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.
Elçin İlyas oğlu Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib. "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945-1965)" mövzusunda namizədlik (fəlsəfə doktorluğu, 1970) və "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib.
Elçin yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri kimi tanınıb. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Əsərləri onlarla xarici dilə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Ədibin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər, hekayələr və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun "Ölüm hökmü", “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdar” və s. kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının bir sıra əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb. Eləcə də bir neçə əsəri əsasında filmlər çəkilib.
Elçin yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Yaradıcılığı dövlət tərəfindən daim yüksək qiymətləndirilən ədib "Xalq yazıçısı" fəxri adına, "İstiqlal" (2003), "Şərəf" (2013), "Şöhrət" (2018) ordenlərinə və "Prezidentin Fəxri diplomu"na layiq görülüb.
Mədəniyyət Nazirliyi Xalq yazıçısı Elçinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin ədəbi irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq.
Allah rəhmət eləsin.