Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Üçüncü Bahar” İctimai Birliyinin təşəbbüsü ilə iyulun 24-də erkən nikahlar haqqında maarifləndirici tədbir keçirilib.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirin əsas məqsədi erkən nikahların fəsadları haqqında ictimaiyyətin, xüsusilə gənclərin məlumatlandırılması, bu halların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsi olub.
Çıxış edənlər erkən nikahların uşaqların təhsil hüququna, fiziki və psixoloji sağlamlığına, habelə onların gələcək həyatına mənfi təsir göstərdiyini bildiriblər.
“Üçüncü Bahar” İctimai Birliyinin layihə rəhbəri Fidan Əkbərli və təlimçilər erkən nikahların hüquqi aspektləri, ailə dəyərləri və valideyn məsuliyyəti ilə bağlı təqdimatlar ediblər.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə iştirakçılara suallar təqdim olunub və mövzu üzrə fikir mübadiləsi aparılıb.
Sonda tədbir iştirakçılarına maarifləndirici materiallar paylanılıb.
Nurəddin