Tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) bədii filmi 82-ci Venesiya Beynəlxalq Film Festivalının rəsmi proqramına salınıb.

Ekran əsəri festivalın “Müsabiqədənkənar – Bədii filmlər” (Out of Competition – Fiction) bölməsində təqdim olunacaq.

Bu, Hilal Baydarovun Venesiya festivalına dəvət alan ikinci filmidir. 2020-ci ildə rejissorun “Səpələnmiş ölümlər arasında” (“İn Between Dying”) filmi 77-ci Venesiya festivalının əsas müsabiqə proqramında nümayiş olunub.

“Boşluğa xütbə” Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmidir. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi kimi təqdim olunan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.

Azərbaycanlı rejissorun bu silsilədən ilk işi – “Balıqlara xütbə” (“Sermon to the Fish”) 2022-ci ildə istehsal olunub və festivallarda uğurla nümayiş olunub. O cümlədən 75-ci Lokarno Film Festivalında (İsveçrə) jürinin xüsusi mükafatına, 32-ci Cottbus Film Festivalında (Almaniya) münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.

Müharibələrin ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıl olan filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.

Qeyd edək ki, Avropanın və ümumilikdə dünya kinosunun üç ən nüfuzlu festivalından biri sayılan Venesiya Beynəlxalq Film Festivalının əsası 1932-ci ildə qoyulub. Dünyanın ən qocaman kino müsabiqəsi İtaliyanın Venesiya şəhəri yaxınlığındakı Lido adasında keçirilir.

Bu il sayca 82-ci festival avqustun 26-dan sentyabrın 6-dək davam edəcək. Əsas müsabiqə proqramında 21 ekran işi yer alıb.

Azərbaycan kinosu Venesiya festivalında ilk dəfə 2014-cü ildə təmsil olunub. Həmin il rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi 71-ci festivalın “Üfüqlər” (Orizzonti) proqramında göstərilib.

Vüqar Orxan