Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikasının Kino Agentliyi rejissor, kinoinfo.az saytının əməkdaşı Aynur Kazımova və ssenarist, prodüser Nicat Dadaşovun Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WARM” festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirakına maliyyə dəstəyi ayırıb.

AKİ-dən bildirilib ki, Aynur Kazımova “Sıfırdan başlamaq” adlı tammetrajlı sənədli filmi ilə festival çərçivəsində pitçinqdə iştirak edib. Film Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş uşaqların oyun və xəyallarına müharibənin təsirini araşdırır.

Nicat Dadaşovun prodüser qismində təqdim etdiyi “Mənim virtual evim” (ideya müəllifi və rejissor Ülviyyə Əhmədova) sənədli film-layihəsi isə Ermənistandan didərgin düşmüş 85 yaşlı Vəlinin ömrünün sonunda doğma evini son dəfə görmək istəyindən bəhs edir.

“WARM Academy” müasir dünyamızda münaqişələr və müharibədən sonrakı keçid dövrlərinin sənədli dillə işlənməsinə dəstək vermək məqsədilə yaradılmış multidisiplinar tədris proqramıdır. Akademiya “WARM” festivalı ilə paralel şəkildə keçirilir və dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistləri, sənədli film rejissorlarını, tədqiqatçıları və sənətkarları bir araya gətirir. Proqram iştirakçılara müharibə mövzusunun etik çərçivədə necə işlənməsi, əsərin bədii təsir gücünün artırılması və peşəkar yanaşmalar haqqında biliklər qazandırır.

Azərbaycan nümayəndələri festival müddətində rejissorlar, prodüserlər, fotojurnalistlər və konflikt sahəsində çalışan beynəlxalq ekspertlərlə geniş əlaqə qurmaq imkanı əldə ediblər.