Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Alban-Udi Xristian Dini İcması və Bakıda fəaliyyət göstərən “Beynəlxalq Qalereya”nın birgə dəstəyi ilə iyulun 20-də Qəbələ rayonunda "Qəbələ mənzərələri" adlı etüd-sərgi təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Aygün Əzizovanın rəhbəri olduğu "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində keçirilib.
Etüddə “RF ART Studio”nun rəhbəri Fidan Rüstəmzadə və tələbələri iştirak ediblər.
Ümumilikdə 25 rəssamın qatıldığı etüd Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisindəki Qəbələ Arxeoloji Mərkəzində, “Yeddi gözəl” şəlaləsi ətrafında və digər məkanlarda təşkil olunub.
Rəssamların çəkdikləri əsərlər açıq havada sərgilənib. Onlara hədiyyələr və etüddə iştirak diplomu təqdim olunub.
Qəbələ Dövlət Tarix Bədii Qoruğunun direktoru Zahir Kərimov və qoruğun əməkdaşları etüd iştirakçılarına qoruq haqqında ətraflı məlumat veriblər. İştirakçılar Qəbələ Arxeoloji Mərkəzi ilə maraqla tanış olublar.
Tədbirdə qonaq qismində Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov, UNEC-in dosenti Nailə Yusifova, həkim, rəssam Səadət Cəfərova, vokalist, rəssam Aynur Yunusova, rəssam-müəllim Aygün Qürbətova da iştirak ediblər.
Etüd iştirakçılarının udi icması ilə görüşü də olub. Onlar Müqəddəs Yelisey kilsəsində keçirilən "Vəftiz mərasimi" – udi mədəniyyəti günü münasibətilə tədbirdə iştirak ediblər.
İcmanın sədri Robert Mobili, sədr müavini Rafik Danakari və digər icma nümayəndələri etüd iştirakçılarını qonaqpərvərliklə qarşılayıblar. Udi xalqının mətbəx nümunələrinin də yer aldığı nahar süfrəsi arxasında Robert Mobili icmanın fəaliyyətindən, onlara göstərilən dövlət qayğısından bəhs edib.
“Beynəlxalq Qalereya”nın direktoru Elnurə İsgəndərova bu görüşlərin Azərbaycan multikulturalizminə, tolerantlığına töhfə olduğunu bildirib.
Ziyarət zamanı qonaqlara Müqəddəs Yelisey (Cotari) və Müqəddəs Məryam (Bulun) alban kilsələri haqqında da məlumat verilib.