Şəki Dövlət Dram Teatrı sentyabrın 21-26-da Qazaxıstanın Aktau şəhərində keçiriləcək TÜRKSOY-un III Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova bildirib ki, kollektiv festivala Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə qatılacaq.

Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.

Tamaşaya teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Quruluşçu və geyim üzrə rəssam Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeyster Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi mərhum bəstəkar, Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin quruluşu Sahib Novruzova məxsusdur.

Rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay) və digərləri ifa edirlər.