Azərbaycan və Türkiyə kinematoqrafçılarının ortaq layihəsi olan “Ölü Həsən” bədii filmi “TRT 12 Punto” müsabiqəsinin qalibləri sırasında yer alıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) bildirilib ki, layihə Türkiyənin dövlət kanalı TRT tərəfindən 2019-cu ildən etibarən təşkil edilən və ssenari inkişafı ilə beynəlxalq ortaq istehsal sahəsində fəaliyyət göstərən platforma olan “TRT 12 Punto”nun qrantını qazanıb.
Ekran əsərinin ssenari müəllifi və rejissoru AKİ-nin katibi Türkan Hüseyndir. Ssenarinin həmmüəllifi isə İsmayıl İmandır.
“Ölü Həsən” mistik realizm çalarları ilə zəngin olan dramatik bir hekayəni təqdim edir. Süjetə görə, səhvən ölü bilinən Həsən gözlərini açdıqda kənd əhalisi onun fövqəltəbii gücə sahib olduğuna inanır. Ardınca hadisələr mistik, dramatik və bəzən qara-yumor elementləri ilə dolu şəkildə Həsənin ətrafında inkişaf edir.
Filmdə Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli və digər aktyorlar rol alıblar. Film Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), “Ultra Production”, Türkiyənin “Poetika Film” studiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai Televiziyanın müştərək layihəsi kimi istehsal olunur.
Ekran işinin prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov və Əli İsa Cabbarov, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssam Turan Yusifovadır.