22 iyul Azərbaycanda Milli Mətbuat Günü – jurnalistlərin peşə bayramıdır. Bu il həm də milli mətbuatımızın yaradılmasının 150 illiyi ilə əlamətdardır.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 21-də "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək media nümayəndələrinə Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan mətbuatının inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın inkişafında müstəsna rol oynayıb. Ötən dövr ərzində mətbuatımız mədəniyyətimizlə birgə yol gəlib, onun üçün əsas təbliğat vasitələrindən olub.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatımızın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də mediamızı daim öz qayğısı ilə əhatə edib. Media qurumlarının maddi-texniki təchizatı möhkəmləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlətimizin başçısı tərəfindən milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalanması da mətbuat salnaməmizə yüksək diqqətin təzahürüdür.

Nazir deyib ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı və sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Bu, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, media qurumları hazırda mədəniyyətimizin təbliğində mühüm rol oynayır: "Qədim və zəngin mədəniyyətimizin geniş auditoriyaya çatdırılmasında media və mətbuatımızın fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, kütləvi informasiya vasitələri bundan sonra da mədəniyyətimizin inkişafını diqqətdə saxlayacaq".

Daha sonra tədbir viktorina şəklində davam edib. Media nümayəndələri və tədbir iştirakçıları komanda olaraq, eləcə də fərdi şəkildə sualları cavablandırıblar. Qaliblərə hədiyyələr təqdim olunub.

Sonda Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında konsert proqramı təqdim edilib.