Ölkəmizdə səfərə gələn Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə iyulun 16-da Azərbaycan Milli Xalça Muzeyində olublar.

Muzeyin direktoru Əminə Məlikova qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın yeddi regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Qonaq muzeydə xalçatoxuma prosesini izləyib.

Oquldjaxan Atabayevaya Azərbaycanın qədim kəlağayı sənəti haqqında da məlumat verilib. 

Sonda qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə olunub.

Oquldjaxan Atabayeva öz növbəsində Milli Xalça Muzeyinə xalça hədiyyə edib.

***

Türkmən rəhbərinin qızı Heydər Əliyev Mərkəzində və Bakı Kitab Mərkəzində də olub.