Mədəniyyət Nazirliyi tərəfindən “Teatral Akademiya” adlı yeni layihəyə start verilib.
Layihə ölkədə fəaliyyət göstərən dövlət teatrları arasında təcrübə mübadiləsini təşviq etmək, xüsusilə region teatrlarının potensialını gücləndirmək, yaradıcı kadr potensialını inkişaf etdirmək, gənc teatr mütəxəssislərinin formalaşmasına və ümumilikdə mədəniyyət sahəsində islahatlara dəstək vermək məqsədi daşıyır.
Layihə çərçivəsində regionlarda yerləşən teatr truppaları üçün müasir teatr texnikaları, səhnə hərəkəti, yeni metod və trendlərlə bağlı yay məktəbləri, ustad dərsləri, seminar və müzakirələr təşkil olunur. Təlimlərə təcrübəli pedaqoqlar və tanınmış teatr mütəxəssisləri cəlb edilir.
“Teatral Akademiya”nın ilk mərhələsi Lənkəran Dövlət Dram Teatrında yay məktəbi ilə başlanıb. Təlimlərdə Əməkdar artistlər – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnə ustası Nofəl Vəliyev və Azərbaycan Dövlət Pantomim Teatrının aktyoru Bəhruz Əhmədli iştirak ediblər.
Hazırda layihənin növbəti mərhələsi Şəki Dövlət Dram Teatrında davam edir. Burada təlimləri Prezident mükafatçısı, rejissor Ceyhun Dadaşov aparır.
Layihə çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrında da ustad dərslərinin keçirilməsi planlaşdırılır.