İyulun 14-də Azərbaycan Mətbuat Şurası İdarə heyətinin iclası keçirilib.

Şuranın sədri Rəşad Məcid gündəlikdə dayanan məsələlər barədə məlumat verib. 

İclasda “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq məktublaşmalar müzakirə olunub. Şuranın məktubunun bir çox xarici qurum və şəxslərə göndərildiyi diqqətə çatdırılıb. Bildirilib ki, MŞ öz məktubunda Rusiya Jurnalistlər İttifaqının bu məsələni söz azadlığı kontekstində təqdim etməsini yolverilməz sayıb.

Müzakirəyə çıxarılmış ikinci məsələ Mətbuat Şurasının milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı gördüyü işlər olub.

Sədr Rəşad Məcid bildirib ki, Şura bu istiqamətdə iki təşəbbüs irəli sürüb. Bunlardan birincisi “150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının nəşridir ki, bunun üçün mütəxəssislərdən ibarət işçi qrupu yaradılacaq. İkinci təşəbbüs “Əkinçi” qəzetinin 150 illiyinə həsr edilmiş kitabın nəşridir. Bununla bağlı işlərin də görülməsinə başlanılacağı vurğulanıb.

İdarə heyətinin ötən iclasdan indiyədək gördüyü işlərə dair məlumat da dinlənilib. Diqqətə çatdırılıb ki, MŞ ötən dövrdə 4 toplantı keçirib, “Reklam haqqında” Qanuna dair şərh yayıb və Gəncədəki hadisə ilə bağlı informasiya manipulyasiyasına münasibət bildirib. Mayın 30-da Naxçıvanda keçirilmiş “MEDİAFEST-2025” konfransında Mətbuat Şurası təşkilatçılardan biri kimi çıxış edib.  Şura “Veysəloğlu” Şirkətlər Qrupu və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi ilə birlikdə keçirdiyi araşdırma müsabiqəsinin qaliblərini mükafatlandırıb. “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə elan olunmuş müsabiqənin nəticələri isə yaxın vaxtlarda açıqlanacaq.

İclasda MŞ-nin katibliyi tərəfindən Şuraya daxil olmuş şikayətlərlə bağlı məlumat verilib. Bildirilib ki, Katiblik ötən müddətdə quruma ünvanlanmış 4 şikayət əsasında tərəflərlə əlaqə saxlayıb, yaranmış narazılıqların həllinə, anlaşmanın əldə edilməsinə nail olub.

İdarə heyətinin üzvü, iyulun 18-də 65 yaşı tamam olacaq “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə MŞ-nin diplomu təqdim olunub.