Tarixdəki olaylar
13 iyul 1971 – Türkiyədə Mədəniyyət Nazirliyi təşkil edilib. Həmin vaxtadək ölkədə mədəniyyət sahəsinin idarə olunması Milli Təhsil Nazirliyinə bağlı idi. Müvafiq qurumun bazasında yeni nazirlik yaradılıb. 2003-cü ildə turizm sahəsini də əhatə etməklə Mədəniyyət və Turizm Nazirliyinə çevrilib.
13 iyul 2006 – Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri iştirak ediblər. İnşası 2002-ci ildə başlanan kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 milyon bareldir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
13 iyul 1841 – Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner; 1841 – 11.4.1918) anadan olub.
13 iyul 1889 – Maarif və mədəniyyət xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889 – 10.5.1960) Şuşada anadan olub.
13 iyul 1910 – Yazıçı-dramaturq, tərcüməçi Nağı Kərim oğlu Nağıyev (1910–1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub.
13 iyul 1923 – SSRİ Xalq artisti Mixail İvanoviç Puqovkin (1923 – 25.7.2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.
13 iyul 1926 – Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926 – 13.12.2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvar mövzusunda “Qatillər” tabloları və s. əsərlərin müəllifidir. 20-dək ölkədə sərgisi keçirilib.
13 iyul 1936 – Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.
13 iyul 1946 – Bəstəkar Eldar Səid oğlu Rüstəmov (1946–2010) anadan olub. Romans, süita, oda və s. janrlarda əsərlər, filmlərə musiqilər yazıb.
13 iyul 2001 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (19.8.1912 – 2001) vəfat edib. . “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
Hazırladı: Vüqar Orxan